Rusiya hökuməti ölkədən dizel yanacağının ixracına tamamilə qadağa qoyulmasını nəzərdən keçirir. "Kommersant" qəzetinin məlumatına görə, bu barədə Baş nazirin müavini Aleksandr Novak Prezident Vladimir Putinlə görüşdə bildirib.
Novak Rusiya yanacaq bazarındakı vəziyyəti çətin, lakin idarəolunan olduğunu deyib. Baş nazirin müavini hökumətin bazarı yanacaqla təmin etmək üçün lazımi tədbirlər gördüyünü bildirib.
"Biz bütün neft emalı zavodlarında gücü maksimum dərəcədə artırdıq, təmir müddətlərini azaltdıq və planlaşdırılan təmirləri yenidən planlaşdırdıq" – deyə Novak bildirib.
Rəsmi məlumata görə, Rusiya Energetika Nazirliyi çatdırılma qrafiklərini ciddi şəkildə izləyir və onları daim optimallaşdırır.
Hazırda dizel yanacağının ixracına yalnız birbaşa istehsalçılara icazə verilir.
1 aprel 2026-cı il tarixindən etibarən Rusiyada bütün bazar iştirakçıları üçün benzin ixracına qadağa qüvvədədir. Qadağa bu ilin 31 iyul tarixinə qədər qüvvədə olacaq. Bundan əlavə, hökumət 2026-cı ilin iyun ayından etibarən reaktiv yanacaq ixracına qadağa qoyub və bu qadağa 30 noyabr 2026-cı ilə qədər davam edəcək.
Tahir TAĞIYEV