Polşa ilə ortaq tarixlə bağlı mübahisənin artması səbəbindən Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın yenidən qurulması ilə bağlı konfransda iştirak etmək üçün Qdansk şəhərinə getməmək qərarına gəlib. Ukrayna Baş naziri Yuliya Sviridenkonun Telegram kanalında paylaşdığı xəbərə görə, 25-26 iyun tarixlərində keçirilməsi planlaşdırılan tədbirdə Kiyev nümayəndə heyətinə o rəhbərlik edəcək. Digər dövlət və hökumət başçıları ilə yanaşı, Almaniya Kansleri Fridrix Merzin də Ukraynanın yenidən qurulmasına həsr olunmuş forumda iştirak etməsi gözlənilir. Polşa prezidenti Karol Navrotski isə "dəvətnamənin olmaması səbəbindən" Qdanskda keçiriləcək konfransda iştirak etməyəcək.
Varşava ilə Kiyev arasındakı diplomatik qalmaqala Volodimir Zelenskinin Şimal Xüsusi Əməliyyatlar Mərkəzinə "Ukrayna Üsyançı Ordusunun Qəhrəmanları" (UPA) fəxri adını verməsi səbəb olub. Polşada bu qərar UPA döyüşçülərinin 1943-1944-cü illərdə baş verən Volın qırğınında iştirakı səbəbindən kəskin tənqidlərə səbəb olub. Bu qırğında, müxtəlif hesablamalara görə, 30.000 ilə 60.000 arasında polyak və 20.000 ilə 30.000 arasında ukraynalı həlak olub.
Buna cavab kimi Karol Navrotski Volodimir Zelenskini Polşanın ən yüksək dövlət mükafatı olan və Ukrayna prezidentinin Navrotskinin sələfi Andjey Dudadan aldığı Ağ Qartal ordenindən məhrum edib və Zelensk dərhal ordeni poçtla Varşavaya göndərib. Onun ardınca Ukraynanın ikinci prezidenti Leonid Kuçma, üçüncü prezident Viktor Yuşşenko və beşinci dövlət başçısı Petro Poroşenko da oxşar təltiflərdən imtina edib. Poroşenko Navrotskinin qərarını "Ukrayna xalqına qarşı yanlış və ədalətsiz addım" adlandırıb.
Bu arada, Avropa Komissiyası (AK) Zelenski ilə Navrotski arasındakı münaqişənin konfransın uğurlu keçirilməsinə mane olmamasını təmin edəcəyini vurğulayıb. Ukrayna nümayəndə heyətinin tərkibindəki dəyişikliyə baxmayaraq, AK prezidenti Ursula fon der Leyenin də tədbirdə iştirak edəcəyi gözlənilir.
SAMİRƏ