Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefasından sonra Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, siyasətini dəyişməsə, növbədə Almaniya kansleri Fridrix Merts olacaq.
Starmerin istefası ilə bağlı fikirlərini sosial mediada paylaşan Dmitriyev Starmeri immiqrasiya, cinayətkarlıq, enerji və iqtisadiyyat sahələrində yanlış siyasət yürütməkdə günahlandırıb: "Starmerin müharibəpərəst və yanlış siyasətini daim ifşa edərək buna birlikdə nail olduq. O, Britaniyanı qoruya bilmədi və Qərb sivilizasiyasını məhv edirdi. Əgər siyasətini dəyişməsə, növbə Mertsindir".
Dmitriyev iddia edib ki, Britaniyanın son 10 ildə vəzifə yerinə yetirən yeddi baş nazirin yaratdığı problemləri həll etmək üçün Çörçill kimi bir liderə ehtiyacı var.
Kreml sözçüsü Dmitri Peskov da mətbuat konfransında Starmerin qərarına münasibət bildirib. Peskov Starmerin Ukraynanın əsas dəstəkçilərindən biri olduğunu və Baş nazirin istefasının Londonun Rusiyaya qarşı "düşmən" münasibətini dəyişdirməyəcəyini vurğulayıb.
Kreml sözçüsü bildirib ki, Starmer Britaniya-Rusiya münasibətləri ilə bağlı özünü fərqləndirmək üçün heç bir iş görməyib: “O, həmişə münasibətləri sıfır səviyyədə saxlamağın tərəfdarı olub. Britaniya siyasi səhnəsində heç kimin ölkəmiz haqqında Starmerdən fərqli bir fikirdə olması ehtimalı azdır”.
Tahir TAĞIYEV