İstehsal etdikləri məhsulları Rusiya bazarlarına çıxara bilməyən Göyçay fermerləri hələ də vəziyyətdən çıxış yolu tapa bilmirlər. Məhsulun xaricə çıxarılmasında yaranmış əsas problem nəqliyyat vasitələri ilə bağlıdır.
Məlumdur ki, dəmir yolu fəaliyyət göstərmir, TIR-lar isə fermerlərdən yüksək məbləğlər tələb edirlər. Fermerlər bildirirlər ki, məhsulun TIR-larla bazara çıxarılması üçün 4500-6000 manat pul tələb edirlər. Bu isə Rusiya bazarlarına çatdırılana qədər 1 kiloqramını 70 rubla qədər bahalaşdırır.
Fermerlər qeyd edirlər ki, onlar məhsulu istehsal etmək üçün kredit götürüblər. Ancaq indi məhsulun xaricə çıxarılmaması onların zərər etməsinə səbəb olur.
Pomidor istehsalçıları iddia edirlər ki, onların xaricə, eləcə də yerli bazarlara məhsul çıxarması üçün qəsdən süni əngəllər yaradılır.
Analoji problem Cəlilabadda da yaşanır. Oranın fermerləri iddia edirlər ki, əziyyətlə becərdikləri faraş kartofu satmaqda çətinlik çəkirlər. Bu il kəskin quraqlıq səbəbilə kartof sahələrini normal suvara bilməyiblər, nəticədə məhsuldarlıq ötən illə müqayisədə 40 faizədək aşağıdır.
“Fermerlər iddia edirlər ki, onlara süni əngəl yaradılır, ixrac monopoliyadadır”
İqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, fermerlər istehsal etdikləri məhsulu xarici bazara çıxarmaqda çətinlik çəkirlər: “Aidiyyəti qurumlar bu məsələni araşdırmalı və fermerlərə kömək etməlidirlər. Fermerlər iddia edirlər ki, onlara süni əngəl yaradılır, ixrac monopoliyadadır. Fermerlərə dəstək olmaq lazımdır. Onu da qeyd edim ki, xaricə aparılması mümkün olmayan məhsulun daxili bazara, əsasən Bakı bazarlarına çıxarılması sahəsində də istehsalçıların ciddi çətinlikləri mövcuddur. Bu problemlər Bakı bazarlarına məhsul çıxarılması sahəsində, faktiki, inhisarlaşmanın olmasından qaynaqlanır. Belə ki, hətta istehsalçı öz məhsulunu Bakıya gətirsə, onun heç bir maneəsiz bazarlarda satmasının qarşısı alınır. Buna görə də istehsalçılar öz məhsullarını rayonlarda, dəyər-dəyməzinə, vasitəçilərə satmalı olurlar”.
Günel CƏLİLOVA