Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləğində yenə artım müşahidə olunur. Belə ki, vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 921,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunur ki, bu, aprelin 1-i ilə müqayisədə 0,4% çoxdur.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 3,2% artıb, son 1 ildə isə 25,2% azalıb.
Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il aprelin sonuna isə 8,1% olub.
Bir ildən çoxdur ki, ölkədə pandemiya hökm sürür. O da məlumdur ki, pandemiya ilə bağlı olaraq bəzi iş yerləri fəaliyyətini dayandırdı. Bu kimi səbəblər bank kreditlərinin ödənişində problem yaratdı.
“...onlar kimə və necə gəldi kredit verməsinlər”
Problemli kreditlərin həcminin yenidən artması barədə fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, problemli kreditlərin həcminin artmasının müəyyən səbəbləri var: “Borc alanın maliyyə vəziyyəti pisləşir, ya bilərəkdən sui-istifadə edir ki, krediti ödəməsin, ya da bank rəhbəri qəsdlə həmin krediti verir ki, geri qayıtmasın. Problemin qarşısını almaq üçün, sadəcə, banklar üzərində düzgün nəzarət olmalıdır ki, onlar kimə və necə gəldi kredit verməsinlər. Lakin belə olduqda vətəndaşlar şikayət edirlər ki, niyə bizə kredit vermirlər. Ona görə verilmir ki, həmin şəxslərin məbləği qaytarmama ehtimalı daha çoxdur”.
Həmsöhbətimizin sözlərinə görə, Prezident İ.Əliyevin 2019-cu ildə verdiyi fərmanla problemli kreditlər azalmağa doğru getdi, amma 2020-ci ildə başlayan pandemiya vətəndaşların və sahibkarların kreditlərinin həcmini artırdı: “Ötən ilin aprelində Mərkəzi Bank banklara tövsiyə edib ki, pandemiya ilə bağlı sentyabrın axırına qədər sadə vətəndaşların, sahibkarların gecikdirdiyi kreditləri problemli kreditlər kimi tanımasın və cərimə hesablamasın. Daha sonra Mərkəzi Bank bu moratoriumun müddətini bu ilin əvvəlinədək uzatdı.
Əslində, indiki problemli kreditlər keçən il əmələ gəlib. Sadəcə, banklar Mərkəzi Bankın tövsiyəsinə uyğun bunları problemli kreditlər kimi tanımırdılar. Amma bu il Mərkəzi Bank müddəti artırmadı və banklar yavaş-yavaş başlayıblar problemli kreditləri tanımağa".
Günel CƏLİLOVA