Yayılan məlumatlara görə, unun qiyməti bahalaşıb. Belə ki, topdansatış məntəqələrində hər 50 kiloqramlıq unun qiyməti 50 qəpik, pərakənda satış məntəqələrində isə daha çox bahalaşıb. Satıcılar bildriblər ki, qiymət artımını satış məntəqələri deyil, firmalar tətbiq edirlər. O da məlumdur ki, ölkədə un istehsalına çox az sayda şirkət nəzarət edir.
Məlum məsələdir ki, unun qiymətinin artması çörəyin qiymətinə təsir etməyəcək. Çünki çörəyin qiyməti tənzimlənir. Ancaq o da var ki, bu cür artımlar çörəyin çəkisinə təsirsiz ötüşməyəcək. Onsuz da bizdə çörəyin çəkisi aşağıdır. Lakin unun qiymətinin bahalaşması mütləq digər un məmulatlarının qiymətinə öz təsirini göstərəcək. Çünki undan bir sıra şirniyyat və digər məhsulların hazırlanmasında geniş istifadə edilir. Bu da unun qiymətlərini qaldıran işbazların mənafeyinə xidmət edir.
“...bazarda un tədarükü ilə məşğul olan firmaların monopoliyasına son qoyulmalıdır”
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, unun bahalaşması mütləq un məmulatlarının qiymətinin artmasına öz təsirini göstərəcək: “Məlum olduğu kimi, çörəyin qiyməti tənzimlənir. Çörəyin qiymətinin tənzimlənməsi istehlakçılar üçün yaxşıdır. Ancaq bazar iqtisadiyyatı şəraitində bu kimi metodların tətbiqi o qədər də məqbul sayılmır. Bu, çörək istehsalçılarını çətin vəziyyətdə qoyur. Ancaq işbazların qiyməti qaldırması digər un məmulatlarının bazar qiymətinə təsir edəcək. Nəticədə sözügedən məhsullar bahalaşacaq. Ona görə də hökumət elə bir siyasət aparmalıdır ki, bazarda bolluq olsun və qiymətlər düşsün. İlk növbədə, bazarda un tədarükü ilə məşğul olan firmaların monopoliyasına son qoyulmalıdır. Nə qədər ki, buna son qoyulmayıb, haqsız rəqabət, qiymət artımları davam edəcək.
Prezident İlham Əliyev bir neçə dəfə çıxışlarında bəyan edib ki, bazarda inhisarçılıq var. Həmçinin, sövdələşmə yolu ilə qiymətləri artırmaq halları var. Bununla bağlı dövlət orqanlarına tapşırıqlar verir. Lakin müvafiq qurumlar bunları yerinə yetirmirlər. Bunun nəticəsidir ki, neçə ildir Antiinhisar Məcəlləsi qəbul olunmur”.
AİB sədri hesab edir ki, çoxsaylı firma bazara girsə, qiymətlər ucuzlaşar.
Vidadi ORDAHALLI