Özəl banklardan kredit alışı nəzərəçarpan qədər azalıb - niyəsi...

Əli Əlirzayev: “Sahibkarlar risqə getməmək üçün kredit götürmür, təbii ki, bu hal da kredit verilməsinə təsir edir”

img

Açıqlanan statistik rəqəmlərə əsasən, bu il martın 1-nə Azərbaycan banklarının ölkə iqtisadiyyatına kredit qoyuluşu 14 619,5 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunur ki, bu, fevralın 1-i ilə müqayisədə 0,2 % çox, ilin əvvəlinə nisbətən 0,6 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,9 % azdır. Kredit qoyuluşunun 11 442,6 milyon manatı və yaxud 78,3 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 10,1 % azdır.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 803,5 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 9,3 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16,3 %-dən 18,3%-ə qalxıb.

  • “Özəl banklarda kredit qoyuluşunun və verilişinin azalması gözlənilən idi”

Özəl banklarda kredit qoyuluşunun azalmasının səbəbləri barədə danışan iqtisadçı-ekspert Əli Əlirzayev bildirdi ki, özəl banklarda kredit verilişinin azalması gözlənilən idi: “Məlumdur ki, pandemiya ilə bağlı olaraq kredit verilişində azalma müşahidə olunur. Məlumdur ki, karantin rejimi ilə bağlı olaraq əksər sahədə fəaliyyət dayandığı üçün bu sahəyə tələbat azalıb. Bir çox sahibkar da vəziyyəti nəzərə alıb kredit götürməkdən yayındı. Sahibkarlar risqə getməmək üçün kredir götürmür, təbii ki, bu hal da kredit verilməsinə təsir edir”

Həmsöhbətimiz onu da əlavə etdi ki, kredit resurs, tələbatdır. Hər hansı bir problemi həll etmək üçün lazım olan vəsait kredit vasitəsilə əldə olunur: “Koronavirus infeksiyası ilə əlaqədar olaraq ölkədə karantin rejimi davam edir. Artıq bir ildən çoxdur ki, karantin rejimi davam edir. Bu vəziyyət sahibkarların işinə təsir edir, həmçinin, investisiya qoyuluşunda da azalma müşahidə olunur”.

Günel CƏLİLOVA

Son xəbərlər