“Azərbaycan və Türkiyə arasında birgə İnvestisiya Fondunun təsis edilməsi prioritet sahələrdə həyata keçiriləcək və strateji əhəmiyyət daşıyan investisiya layihələrinin sistemli və çevik maliyyələşdirilməsini təmin edə bilər”. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrə dair “dəyirmi masa”da deyib.
Nazir qeyd edib ki, bu ilin fevral ayında hökumətlərarası iqtisadi komissiya çərçivəsində əldə edilmiş razılığa əsasən, hazırda "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyə Varlıq Fondunun nümayəndələri arasında birgə fondun yaradılmasının imkanları üzrə müzakirələr aparılır və bu iş sürətlə irəliləyir".
Qeyd etdiyimiz kimi, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrə dair “dəyirmi masa”da iki ölkə arasında birgə İnvestisiya Fondunun yaradılması haqqında qərar verilib.
Hər iki ölkə arasında yaradılan birgə İnvestisiya Fondunun əhəmiyyəti haqqında danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, birgə İnvestisiya Fondunun yaradılmasının əsas məqsədi həm Azərbaycanda, həm də Türkiyə ərazisində əhəmiyyətli layihələri investisiya ilə təmin etməkdir: “İşğaldan azad olunmuş torpaqlarda da ciddi və birgə layihələrin həyata keçirilməsi düşünülür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, birgə İnvestisiya Fondu Azərbaycan və Türkiyə arasında həyata keçiriləcək və strateji əhəmiyyət daşıyan investisiya layihələrinin sistemli və çevik maliyyələşdirilməsini təmin edə biləcək: “İnvestisiya daha uzunmüddətli və əlverişli şərtlərlə həm biznes üçün, həm də dövlətlə biznesin birgə layihələrinin həyata keçirilməsi üçün sərf olunacaq. Bu da gələcəkdə əlavə iş yerləri deməkdir ki, iqtisadi aktivliyin yüksəlməsinə xidmət edən addımlarla müşayiət ediləcək. Bu, özü-özlüyündə, hər iki ölkə arasında yaxınlaşmanın və iqtisadi inteqrasiyanın növbəti bir mərhələsidir”.
Günel CƏLİLOVA