Bu ilin mart ayında Azərbaycan Respublikasının Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 397,7 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, bu göstərici fevral ayı ilə müqayisədə 9%, 2020-ci ilin mart ayı ilə müqayisədə isə 4,8 dəfə azalıb.
Cari ilin I rübündə isə Neft Fondu valyuta hərraclarında 1,480 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 46,6% azdır.
Qeyd edək ki, ötən il ərzində Neft Fondu valyuta hərraclarında 7,304 mlrd. dollar məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11% çoxdur. Son bir ildə satışların pik həddi pandemiya ərəfəsində – mart ayına təsadüf edib – 1,928 mlrd. dollar.
Onu da vurğulayaq ki, valyuta hərracında valyutanın satışının azalması 2017-ci ildən sonra, yəni son 4 ilin ən aşağı göstəricisidir.
Valyuta satışının həcmi nə səbəbdən azalıb?
“3 ay üzrə satılması nəzərdə tutulan valyutanın həcmi orta hesabla 1,8 milyard USD olmalı olduğu halda, reallıqda satılan valyutanın həcmi daha az - təxminən 1,5 milyard USD olub”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Samir Əliyev qeyd etdi ki, 2021-ci ilin I rübünün nəticələrinə əsasən, valyuta satışına qənaət olunub. Neft Fondunun mart ayında satdığı valyutanın həcmi 397,7 milyon ABŞ dolları olub: "Bu, 2017-ci ildən sonra, yəni son 4 ilin ən aşağı göstəricisidir. Fond tərəfindən satılan valyutanın həcmi 2017-ci ilin martında 250 milyon USD, 2018-ci ilin martında 647 milyon USD, 2019-cu ilin martında 600,5 milyon USD olub. Ötən ilin müvafiq dövründə isə Fond 1 milyard 928,3 milyon həcmində dollar satmışdı. 2021-ci ilin I rübün nəticələri valyuta satışında qənaətin olduğunu göstərir. Belə ki, 3 ay üzrə satılması nəzərdə tutulan valyutanın həcmi orta hesabla 1,8 milyard USD olmalı olduğu halda, reallıqda satılan valyutanın həcmi daha az – təxminən 1,5 milyard USD olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard azdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ötən rübdə 314 milyon dollarlıq valyutaya qənaət edilib.
Günel CƏLİLOVA