Məlum olduğu kimi, Türkiyə lirəsi bazar ertəsi dollara nisbətdə 17% ucuzlaşıb. Qeyd edək ki, türk lirəsinin dəyəri Prezident Rəcəb Tayyib Ərdoğanın Mərkəzi Bankın rəhbərinin dəyişdirilməsi qərarından sonra Asiya ticarət bazarlarında 17 % azalıb.
Maraqlıdır, türk lirəsinin ucuzlaşmasının manata təsiri olacaqmı?
“...Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməyəcək: “Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci ildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda, Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 30 faizə yaxını Türkiyə bazarına yönəlib”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Türkiyə lirəsinin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər: “Güman edilir ki, Türkiyə məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq. Çünki lirə dəyər itirməkdə davam edərsə, digər xərclərdə, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, bu, həmin məhsulların digər valyutalarda, o cümlədən, Azərbaycan manatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər. Lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər. Eyni zamanda, bu, istehlak bazarında türk mallarının qiymətinin düşməsinə gətirib çıxara bilər”.
Günel CƏLİLOVA