Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
ABŞ rəhbəri məktubunda Azərbaycanla gələcək əməkdaşlıq perspektivlərindən söz açıb. O, Azərbaycanla birgə çalışmaqda maraqlı olduqlarını söyləyib: “Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin, iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır. Yeni ilin və yeni baharın gəlişi münasibətilə sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram”.
İqtisadi əməkdaşlıq üçün yeni imkanlar deyilərkən söhbət konkret hansı sahələrdən gedir? Bayden bununla nə demək istədi?
“Qeyri-neft sektorunun bəzi sahələrində, işğaldan azad edilən ərazilərin bərpasında əməkdaşlığı genişləndirə bilər”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov bununla bağlı bir sıra məqamlara toxundu: “Birləşmiş Ştatlar üçün bölgədə iqtisadi cəhətdən Azərbaycan ən strateji partnyordur. Nəzərə almaq lazımdır ki, geostrateji mövqeyimizə görə də bəzi məqamları gözləmək lazımdır. Məsələ ondadır ki, cənubda İranın, şimalda Rusiyanın ABŞ-la münasibətləri arzuolunmaz səviyyədədir. Bu müstəvidə də Azərbaycan tarazılı xarici siyasətini yürütməklə həm xoş qonşuluq siyasətini həyata keçirir, eyni zamanda, ABŞ-la müxtəlif sahələrdə öz strateji partnyorluğunu qoruyub saxlayır. Bununla yanaşı, Azərbaycan bir sıra meqalayihələrin həm müəllifidir, həm də investorudur. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat mərkəzləri arasında qovşaq rolunu oynayır. ABŞ bütün bunların fərqindədir. Birləşmiş Ştatlar enerji layihələrinə dəstəyini davam etdirəcək. Çox güman ki, Vaşinqton Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəql edilməsi istiqamətində səylərini artıracaq. Azərbaycanın potensialını nəzərə alan ABŞ qeyri-neft sektorunun bəzi sahələrində, işğaldan azad edilən ərazilərin bərpasında əməkdaşlığı genişləndirə bilər”.
İqtisadçı-ekspert onu da qeyd etdi ki, iqtisadi əməkdaşlıqla bağlı yeni imkanların konkret hansı sahələri əhatə edəcəyi yaxın aylarda tam bəlli olacaq.
Vidadi ORDAHALLI