Novruz bayramının yaxınlaşması özünü həm də qiymət artımı ilə göstərməkdədir. Bu isə haqlı olaraq narazılıq yaradır. Süni bahalaşma ilə bağlı millət vəkilləri də narazılıq edirlər. Millət vəkilləri qeyd edirlər ki, süni qiymət artımı, bahalaşma, inhisarçılıqla bağlı ciddi ölçülər götürülməlidir.
Maraqlıdır, süni bahalaşmanı kimlər yaradır və by problemin qarşısını almaq mümkündürmü?
“...istehlak bazarına nəzarəti təmin etməli olan qurumlar effektiv fəaliyyət göstərməlidirlər”
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı-ekspert Elşad Məmmədov bildirdi ki, süni bahalaşmanın qarşısını almaq üçün, ilk növbədə, aidiyyəti dövlət qurumları, xüsusilə antiinhisar siyasəti ilə məşğul olan, istehlak bazarına nəzarəti təmin etməli olan İqtisadiyyat Nazirliyinin qurumları effektiv fəaliyyət göstərməlidirlər: “Nəzərə almaq lazımdır ki, hər dəfə bayramlar ərəfəsində inhisarçı qurumlar tərəfindən qiymətlərin süni şəkildə artırılma prosesi həyata keçirilir. İstehlakçılar, son nəticədə həm də dövlət bu prosesdən zərər çəkir. Ona görə də dövlət qurumlarının effektiv fəaliyyətinə ehtiyac var. Bununla yanaşı, birbaşa istehsalçıların vasitəçilər olmadan istehlakçılarla ünsiyyətinin qurulması zəruridir. Çünki bir çox halda vasitəçilər məhsul istehsalçılarından dəfələrlə çox mənfəət götürürlər. Bu da istehlak bazarında çox ciddi problemlərə səbəb olur”.
Həmsöhbətimiz hesab edir ki, ticarət kanalları, faktiki olaraq, ticarət sektorunun istehsal sektoruna nisbətən daha çox mənfəət götürməsinə şərait yaradır. Bu baxımdan ən mühüm məsələlərdən biri ticarət kanallarının təkmilləşdirilməsidir. İstehsalla istehlak arasındakı əlaqədə ticarət bir halqadır: “Kənd təsərrüfatı istehsalçısı məhsulunu 40 qəpiyə satır, lakin son nəticədə daşınma sahəsindəki inhisarçılıq mövqelərindən istifadə edərək bazara həmin məhsulu artıq qiymətə çıxarır. Bu amillər mütləq şəkildə aradan qaldırılmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, bu istiqamətdə dövlətin rolu artırılmalıdır. Dövlət prosesdə tənzimləyici, idarəedici funksiyasını icra etməlidir. Dövlət də hansısa inhisarçıların deyil, ilk növbədə, istehlakçıların və istehsalçıların marağından çıxış etməlidir.
Günel CƏLİLOVA