Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 103,7 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib.
Məlumata görə, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 104,2 faiz təşkil etib. 2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 105,2 faiz təşkil edib.
Açıqlanan məlumatda bildirilir ki, Azərbaycanda illik inflyasiya 3,7 faizə çatıb.
“5 faizə yaxın inflyasiya ciddi problem sayılmır, bir şərtlə ki, real proseslər...”
İllik inflyasiyanın 4 faizə yaxın artması barədə fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, Azərbaycanda inflyasiyanın hesablanma qaydaları beynəlxalq standartlara uyğun deyil: “Əksər halda elan olunan inflyasiya reallığı əks etdirmir. Hesablama qaydalarında olan problemlər düzgün diaqnostikanı aparmağa imkan vermir. Bu gün əlimizdə doğru rəqəmlər olsaydı, inflyasiyanı yaradan səbəblər haqqında daha dərin araşdırmalar aparmaq mümkün olardı”.
İqtisadçı bildirdi ki, hazırda ölkəmizdə inflyasiya 4 faizə yaxınlaşır. Dünya iqtisadi ədəbiyyatında 5 faizə yaxın inflyasiya ciddi problem sayılmır, bir şərtlə ki, real proseslər inflyasiya sürətinin bu həddə olduğunu göstərsin: “Rəsmi rəqəmlərə əsasən, kommunal xidmətlərdə 2.3 faiz qiymət artımı olub. Amma “Azərsu”nun əhaliyə satdığı suyun qiyməti 2 dəfə artıb. Bunu bütün kommunal xidmətlərə koreliyasiya etsək, artım özünü daha çox büruzə verməli idi. Amma bu rəqəmin həqiqəti əks etdirib-etdirməməsi sual doğurur. Hesab edirəm ki, inflyasiyanın hesablanması qaydasında beynəlxalq standartlara uyğun yanaşmaya ehtiyac var”.
Ekspert hesab edir ki, yaxın aylarda rəsmi inflyasiyanın 4 faizi keçməsi ehtimal olunur. İki ayın rəsmi nəticələri bunu deməyə imkan verir.
Günel CƏLİLOVA