Prezident İlham Əliyevin Vergi Məcəlləsinə dəyişikliklə bağlı imzaladığı fərmana əsasən, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunub.
Qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən üç il müddətinə ƏDV-dən azad edilib.
Bundan başqa, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə 2021-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.
Zərgərlik məmulatlarının ƏDV-dən azad olunması ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Pərviz Heydərov qəzetimizə açıqlamasında qeyd etdi ki, bu addımın atılmasında məqsəd ölkənin zərgərlik məmulatları bazarında mövcud vəziyyəti canlandırmaqdır: “Məlumdur ki, qeyd olunan məmulatların bazarında qiymətləri və təklifin əsas hissəsini məhz idxal məhsulları formalaşdırır. Bu isə yerli zərgərlik məmulatları istehsalçılarını, bu sahədə sahibkarlıq fəaliyyətini dar çərçivəyə salır. Bu səbəbdən də sözügedən vergi güzəştlərinin tətbiq olunması başadüşüləndir və bunun tətbiq olunacağı gözlənilirdi”.
Həmsöhbətimiz hesab edir ki, vergi güzəştlərinin tətbiqi ölkədə yerli zərgərlik məmulatları istehsalçılarının fəaliyyətinin genişlənməsinə səbəb olacaq. Həmçinin, qeyd olunan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sayı da artacaq. Bu da ölkə iqtisadiyyatının inkişaf etməsinə səbəb olacaq.
Günel CƏLİLOVA