Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, əmlak vergisi 30 kvadratmetri ötən sahənin hər kvadratmetrinə görə hesablanır. Müvafiq olaraq, 30 kvadratmetrədək sahə əmlak vergisinin ödənilməsindən azad olunur. Qanunvericiliyə görə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.
Sakinlər bildirirlər ki, yığılan vergilərin müqabilində onlara əlavə olaraq hər hansı xidmət göstərilmir, heç yaşadıqları ərazilərdə zibillər vaxtında daşınmır. Bütün bunlar isə sakinlərdə haqlı olaraq narazılığa səbəb olub.
Bütün bunlar onu deməyə əsas verir ki, vətəndaşların əmlak vergisinə yanaşması birmənalı deyil – ödəyən də var, qəbul etməyən də.
Son zamanlar yerli bələdiyyələr evlərə xüsusi bildirişlər ünvanlayaraq, sakinlərdən əmlak vergisi ödəmələrini tələb edir, əks halda, məhkəmə ilə hədələyirlər.
Onu da qeyd edək ki, göndərilən bildirişlərdə maraqlı məqam var. Belə ki, sənədsiz evlərə də bildiriş göndərilir. Həmin əmlak üzərində vətəndaşın hüququ yoxdur, amma bələdiyyə əmlak vergisi tələb edir. Bəzən yaşadığı ərazidə bələdiyyənin mövcudluğundan xəbəri belə olmayan sakin də bu quruma pul ödəməkdən imtina edir.
“Bələdiyyələr yığdıqları verginin müqabilində sakinlərin yaşadıqları ərazilərdə problemlərinin həlli istiqamətində müəyyən addımlar ata bilərlər, lakin…”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, yığılan vəsait şəffaf olaraq xərclənsəydi, cəmiyyətdə əmlak vergisinə görə belə narazılıq yaranmazdı: "Bələdiyyələr yığdıqları verginin müqabilində sakinlərin yaşadıqları ərazilərdə problemlərinin həlli istiqamətində müəyyən addımlar ata bilərlər. Lakin təəssüflər olsun ki, Azərbaycanda bələdiyyə sistemi işlək deyil. Bu səbəbdən də əlavə vergilər sakinlər tərəfindən narazılıqla qarşılanır. Buna görə dövlət orqanları tərəfindən vətəndaş qarşısında məsuliyyət olmalıdır. Zibillərin vaxtında təmizlənməsi, yolların təmiri və bu kimi digər problemlər vaxtında həll olunsaydı, cəmiyyətdə narazılıq yaranmazdı”.
Günel CƏLİLOVA