Vergi borcu olan şirkətlərin tenderlərə qatılması səngimək bilmir. Növbəti belə hal Salyan rayonunda baş verib. Belə ki, martın 9-da Salyan Rayon Gənclər və İdman İdarəsi 2 satınalma müqaviləsi bağlayıb. Ümumi məbləği 42 min 725 manat məbləğində olan müqavilələr “H-Aral” MMC ilə imzalanıb. Satınalma müqavilələrinin şərtlərinə görə, MMC 20 min 600 manata medal və kubokların, 22 min 125 manata isə hədiyyələrin alınmasını həyata keçirəcək.
Kotirovka sorğularının qalibi olan “H-Aral” MMC 08.08.2018-ci il tarixində yaradılıb. Hüquqi ünvanı Salyan şəhəri, Y.Zərgərli, ev 30, qanuni təmsilçisi isə Mənsimov Hüseynqulu Xanəli oğludur. Şirkət daha əvvəl də, konkret 2018-ci ildə Salyan Rayon İcra Hakimiyyətinin keçirdiyi 2 tenderin qalibi olub.
O da məlum olub ki, şirkətin hazırda 1651 manat 78 qəpik vergi borcu var. Mövcud qanunvericilik vergi borcu olan şirkətlərin satınalmalarda iştirak etməsini məhdudlaşdırır. Belə olan halda, hansı əsasla şirkət tenderə qatılır?
Məsələ ilə əlaqədar Salyan Rayon Gənclər və İdman İdarəsinin 0212555170 əlaqə nömrəsinə zəng vurduq. Dəstəyi götürən şəxs zəng vurulan nömrənin Salyan Rayon Gənclər və İdman İdarəsi olmadığını bildirdi. Halbuki, idarənin adına açılmış “Facebook” səhifəsində yuxarıda göstərilən nömrə qeyd edilib. Bundan başqa, Gənclər və İdman Nazirliyinin internet səhifəsində də sözügedən nömrə qeyd edilib. Belə olan halda, qurumun məlumat verməkdən yayınması anlaşılan deyil.
Maraqlıdır, qanun bunu məhdudlaşdırdığı halda, vergi borcu olan şirkətlər tenderlərə niyə qatılırlar?
“Sözügedən məsələ hazırda müzakirə olunan mövzulardan biridir”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov bunun səbəbini tenderlə bağlı mövcud qanunvericilikdə boşluqların olması ilə əlaqələndirdi: “Bunun başlıca səbəbi tenderlə bağlı mövcud qanunvericilikdə bir sıra boşluqların olmasıdır. Qanunda boşluqların olmasından bəzi şirkətlər sui-istifadə edərək, vergi borcları ola-ola tenderlərə qatılırlar. Bu səbəbdən hazırda tenderlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müzakirələr gedir. Eyni zamanda, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət satınalmaları mexanizminin təkmilləşdirilməsi əsas məqsədlərdən biri hesab olunur. Gözlənir ki, tenderlərlə bağlı yaxın vaxtlarda yeni mexanizmlər tətbiq edilsin. O baxımdan sözügedən məsələ hazırda müzakirə olunan mövzulardan biridir. Yeni mexanizmə əsasən, qanunvericilik qüvvəyə mindikdən sonra vergi borcu olan şirkətlər tenderlərə qatıla bilməyəcəklər”.
Millət vəkili hesab edir ki, qanunvericiliyin təkmilləşdirilməsi bu kimi neqativ halların qarşısını alacaq.
Vidadi ORDAHALLI