Məlum olduğu kimi, 2021-ci il martın 4-də Gömrük Komitəsində mətbuat konfransı keçirilib. Konfransda müzakirə edilən məsələlərdən biri də Azərbaycanda avtomobil parkının yenilənmsəsi olub.
Gömrük Komitəsinin sədri qeyd edib ki, yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin idxalına üstünlük verilməlidir. Xüsusilə də benzinlə işləməyən digər nəqliyyat vasitələrinə üstünlük verilməsi ilə bağlı layihələrdən söhbət gedir: "Burada istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun. Hazırda Azərbaycana idxal olunan köhnə nəqliyyat vasitələrinə vergi və rüsumlar nə qədər artırılsa da, istifadəçilər yeni nəqliyyat vasitələrinə deyil, köhnə nəqliyyat vasitələrinə üstünlük verirlər”.
Maraqlıdır, qeyd olunan təklif qəbul ediləcəyi təqdirdə Azərbaycanda avtomobil bazarında hansı dəyişikliklər baş verə bilər? Avtomobillərin satış qiyməti arta bilərmi?
“Rüsum artacaqsa, daha köhnə və ucuz maşınları ölkəyə gətirməyə çalışacaqlar”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, rüsum artarsa, qiymətlər də artacaq: “Bu sahədə stimullaşdırıcı tədbirlərə üstünlük verilməlidir. İllərdir biz təklif edirik ki, ölkənin avtomobil parkının yenilənməsini istəyirsinizsə, hibrid, elektrik avtomobillərinin sıfır vergi ilə ölkəyə daxil olmasına şərait yaradılsın. Belə olan zaman həmin qaydalar effektli ola bilər. Bu praktika bir çox ölkədə var. Amma, paralel olaraq, hibrid, elektrik avtomobillərinin sıfır rüsum və sıfır vergi ilə ölkəyə gətirilməsinə icazə verilməlidir. Belə bir stimullaşdırıcı qərar qəbul olunarsa, o zaman Azərbaycanda avtoparkın yenilənməsi, müasirləşməsi, ekoloji standartlara cavab verməsi asanlaşar”.
Həmsöhbətimiz hesab edir ki, köhnə maşınların rüsumunu qaldırmaq bunun həll yolu deyil: “Bu zaman avtopark yenidən köhnələcək. Nəticədə daha köhnə, təhlükəli maşınlar yollara qayıdacaq. Bu qərarın başqa nəticə verəcəyini düşünmürəm. Nə qədər çox bahalaşma olacaqsa, insanlar bir o qədər köhnə maşınlara yönələcək. Rüsum artacaqsa, daha köhnə və ucuz maşınları ölkəyə gətirməyə çalışacaqlar. Bu da ölkə avtoparkının daha da korlanmasına, ekoloji problemlərin artmasına səbəb olacaq. Lakin bu qərarla yanaşı, hibrid, elektrik avtomobillərinin vergi və rüsumu sıfıra endirilərsə, o zaman bunun effektini görəcəyik. Bir neçə ilə Azərbaycanda hibrid, elektrik avtomobillərinin sayı artacaq və ekoloji problemlərin həllində də ciddi irəliləyişə nail olacağıq”.
Günel CƏLİLOVA