Azərbaycan banklarında kreditlər üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır və Mərkəzi Bank faizlərin birrəqəmli həddə olması üçün çalışır.
Xəbər verildiyi kimi, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Onun sözlərinə görə, kreditlər üzrə faizlərin formalaşmasının arxasında çox ciddi obyektiv reallıqlar dayanır: “Faizlər Azərbaycan banklarının gəlir resursudur. Bu mənfəət növü bilavasitə banklardakı risq amili ilə bağlıdır. Ona görə də, ilk növbədə, bank sektorunun risqlərini azaltmaq lazımdır”.
Dünyanın bir sıra ölkələrində banklar təkcə faizlər hesabına gəlir əldə etmirlər. Bankların digər gəlir mənbələri də olur. Azərbaycanda isə, nədənsə, faizlər bankların əsas gəlir mənbəyi olaraq qalır. Maraqlıdır, niyə bizdə belədir? Azərbaycanda niyə banklar özlərinə başqa gəlir mənbələri yaratmırlar? Bunun günahı kimdədir? Nəyə görə Mərkəzi Bank illərdir buna əlac qılmır? Nəzərə almaq lazımdır ki, ortada zərbə sadə adamlara dəyir. Tək faizin gəlir mənbəyi olması, sadəcə, istismardır. Hansı ki, bu səbəbdən banklar əhaliyə zülm edirlər.
“Xarici ölkələrdə banklar sahibkarlıq fəaliyyəti ilə məşğul olub, bundan müəyyən gəlir əldə edirlər”
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, bunun bir sıra səbəbləri var: “Başlıca səbəb onunla bağlıdır ki, banklar asan yolla gəlir əldə etməyə daha çox önəm verirlər. Bu məsələdə də ən asan yol faizlər hesabına gəlir əldə etməkdir. Ona görə də banklar digər gəlir mənbələrinin formalaşdırılmasına maraq göstərmirlər. Banklar əsasən pul-kredit siyasəti formalaşdırırlar. Bura daxildir dövriyyədə olan pulun miqdarı, həmin vəsaitdən istifadə edilməsi, o pulların kredit kimi verilməsi, investisiya resursları kimi qorunması və s. Banklar xarici dövlətlərə müəyyən şərtlərlə kredit verib bundan qazana bilər. Ancaq onlar bunu etmirlər. Bizim banklar ancaq əhaliyə yüksək faizlə kredit verməyi üstün tuturlar. Xarici ölkələrdə banklar sahibkarlıq fəaliyyəti ilə məşğul olub, bundan müəyyən gəlir əldə edirlər. Bizim banklar bunu etmirlər. Mərkəzi Bank sözügedən məsələ ilə əlaqədar qanunvericilik bazasının yaradılması təşəbbüsü ilə çıxış etmir. Halbuki, buna zəmin yaratmaq lazımdır. Hesab edirlər ki, banklar guya sahibkarlıqla məşğul olsa, bu, inhisarçılığa şərait yaradacaq. Fikrimcə, bu düzgün yanaşma deyil. Banklara digər gəlir mənbələri yaradılmalıdır. Bizim banklar dolayı formada bu prosesdə iştirak edirlər, amma bu, effektli deyil. Yəni sahibkara pul verməklə onun gəlirinin artmasında iştirak edirlər. Hesab edirəm ki, qanuna dəyişikliklər edilməlidir. O mənada ki, banklar sahibkarlıqla məşğul olsunlar, digər məsələlərdə iştirak etsinlər”.
İqtisadçı-alimin fikrincə, bu sahədə mütləq yeniliklər olmalıdır.
Vidadi ORDAHALLI