Lerik şəhər sakini daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişini ala bilmədiyi üçün “AtaSığorta”dan narazıdır. Elnur Alışov adlı şəxs sosial şəbəkədə başına gələn hadisə barədə məlumatı paylaşıb. Belə ki, o, yaşadığı evi daşınmaz əmlakın icbari sığortası üzrə “AtaSığorta” şirkətində sığortaladıb.
Lakin vətəndaş sığorta hadisəsi baş versə də, sığorta ödənişini ala bilmədiyini iddia edir: “2019-cu ilin may ayında evimi “AtaSığorta”da sığortalatdım. Daha sonra sentyabr ayında torpaq sürüşməsi baş verdi, evin divarlarında iri çatlar yarandı və ev qəzalı vəziyyətə düşdü”.
Şikayətçi Elnur Alışov: “AtaSığorta” şirkəti sığorta ödənişimi verməkdən imtina edir, nəticədə ailəm hər an uçmaq təhlükəsi olan evdə yaşayır”
E.Alışovun sözlərinə görə, evin sürüşmə nəticəsində qəzalı vəziyyətə düşməsi müvafiq qurumlar tərəfindən təsdiqlənib: “Lənkəran rayonu Fövqəladə hallar komissiyası torpaq sürüşməsi nəticəsində evin qəzalı hala düşməsi və evin yaşayış üçün təhlükəli olması barədə rəy verdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən isə sürüşmənin ilkin əlamət olması və hər an şiddətli sürüşmə ilə əvəzlənə biləcəyi barədə rəy verildi. Ancaq “AtaSığorta” sığorta ödənişini etməkdən boyun qaçırır. Nəticədə ailəm hər an uçmaq təhlükəsi olan evdə yaşayır. Şirkət Sığorta haqqında qanunun maddələrini pozmaqla yanaşı, həm də dövlət qurumlarının sənədlərini tanımır”.
“AtaSığorta”: “Həmin şəxsə hadisənin təfərrüatları ilə bağlı şirkət tərəfindən məktub göndərilib və prosesdə qanunsuz heç nə yoxdur”
Məsələ ilə bağlı “AtaSığorta” ilə əlaqə saxladıq. Sığorta şirkətinin hüquq departamentindən bizə bildirildi ki, hadisə vətəndaşın söylədiyi kimi olmayıb: “Biz Sığorta haqqında qanunun 6-cı maddəsinə əsasən, sığorta hadisəsi və sığorta ödənişi ilə bağlı digər şəxslərə məlumat verə bilmirik. Lakin həmin şəxsə hadisənin təfərrüatları ilə bağlı şirkət tərəfindən məktub göndərilib və prosesdə qanunsuz heç nə yoxdur”.
Günel CƏLİLOVA