Dünyada pandemiya və sərhədlərin bağlanması səbəbindən yaranmış vəziyyətə görə onlayn ticarət sürətlə artır və azərbaycanlılar getdikcə Türkiyədən daha çox məhsul sifariş edirlər. Türk lirəsinin ucuzlaşması Azərbaycana iqtisadi baxımdan, sosial aspektdə çox müsbət təsir edir.
Məlumdur ki, pandemiya dönəmində insanlar daha çox onlayn formada alış-veriş etməyə üstünlük verirlər. Hazırda qonşu ölkə Türkiyədə lirənin dəyərinin düşməsi azərbaycanlılar üçün fürsət olub. Belə ki, vətəndaşlar fürsətdən istifadə edərək, Türkiyədən daha çox onlayn geyim və ya digər elektronik məhsullar sifariş edirlər.
“…getdikcə Türkiyədən daha çox məhsul sifariş edirlər”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Samir Əliyev qeyd etdi ki, lirə ucuzlaşmaqda davam edir. 2020-ci ildə türk valyutasının məzənnəsi 1 dollara görə 5,95 lirədən 7,3-dək düşüb. Bunun səbəbini ölkənin tədiyyə balansına baxanda görmək olar: “Xarici ticarətdə idxal ixracı üstələyir, ölkəyə edilən sərmayələr dayandırılıb. Məlumat üçün bildirim ki, Türkiyədə cari hesabların balans defisiti 2020-ci ilin yanvar-may aylarında 3,8 milyard dollar təşkil edib. Bir il əvvəl analoji dövrdəki defisit 1 milyard dollar olub”.
İqtisadçının sözlərinə görə, dünyada pandemiya və sərhədlərin bağlanmasına görə onlayn ticarət sürətlə artır və azərbaycanlılar getdikcə Türkiyədən daha çox məhsul sifariş edirlər. Bu təəccüblü deyil, çünki məzənnə amilinə görə bu ölkədən alış-veriş etmək azərbaycanlılar üçün Avropadan nəsə almaqdan xeyli sərfəli olub: “Avronun dollara qarşı möhkəmlənməsini nəzərə alsaq, bu o deməkdir ki, Aİ ölkələrinin valyutası manata qarşı da möhkəmlənir. İndi Avropadan nəsə almaq o qədər də əlverişli deyil".
Günel CƏLİLOVA