Pandemiya ilə əlaqədar bir sıra MDB ölkələri arasında ticarət dövriyyəsində ixrac azalıb. Məsələ ondadır ki, koronavirus ölkələr arasında iqtisadi əlaqələrə ciddi mənfi təsir edib. Bu da, öz növbəsində, ticarət dövriyyəsinin və ölkələr arasında ixracın azalmasına öz təsirini göstərib.
Ancaq bundan fərqli olaraq, Azərbaycanın MDB ölkələrinə ixracı artıb.
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan MDB ölkələrinə 710 milyon 830 min dollar dəyərində məhsul ixrac edilib. Bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 102,1 milyon dollar çoxdur. Bununla yanaşı, iyulda Azərbaycandan MDB ölkələrinə 99 milyon dollar dəyərində məhsul ixrac edilib. Yanvar-iyul aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Bununla yanaşı, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 430,7 milyon ABŞ dolları, Ukraynaya 272,9 milyon dollar, Belarusa isə 66,7 milyon dollar olub.
O baxımdan, Azərbaycanın bu üstünlüyünü ekspertlər necə dəyərləndirirlər?
“Baxmayaraq ki, pandemiya gediş-gəlişə mənfi təsir edir, amma bizdə artım var”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunda dinamik inkişaf getdiyi üçün MDB ölkələrinə ixrac azalmayıb: “Nəzərə almaq lazımdır ki, 2015-ci ildən sonra ölkə rəhbəri tərəfindən qeyri-neft sektorunun inkişafına dair bir sıra fərmanlar verildi, “Yol xəritələri” hazırlandı. Bu istiqamətdə kifayət qədər iş gedir. 2019-cu ildə ölkə iqtisadiyyatında yetərincə dinamik inkişaf var idi və bu inkişaf 2020-ci ilin birinci yarısına qədər davam etdi. Ancaq pandemiya müşahidə olunan inkişafa mənfi təsir etdi. Bütün dünya ölkələrində idxal-ixrac əməliyyatları azaldı. Yaşananlara baxmayaraq, Azərbaycanın qeyri-neft sektoru inkişafdadır. Bunun nəticəsidir ki, Azərbaycanın MDB dövlətlərinə ixracı artıb. Bu onun göstəricisidir ki, Azərbaycanın qeyri-neft sektorunda inkişaf dayanmayıb. Baxmayaraq ki, pandemiya gediş-gəlişə mənfi təsir edir, amma bizdə artım var. Yəni ölkənin qeyri-neft sektorunda dinamik inkişafla əlaqədar olaraq MDB ölkələrinə ixrac artır. Düşünürəm ki, postpandemiya dövründə artıq inkişaf daha geniş sferanı əhatə edəcək”.
Ekspertin fikrincə, postpandemiya dövründə Azərbaycanın inkişafı daha sürətlə gedəcək.
Vidadi ORDAHALLI