IV İslam Həmrəyliyi Oyunlarının Bakıda başlamasına bir il qaldığı bir vaxtda, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri Oyunlara hazırlığı qiymətləndirmək məqsədi ilə bu gün bir araya gəliblər. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboumun sədrliyi ilə, Koordinasiya Komissiyasının nümayəndələri Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi (AISGOC) tərəfindən hazırlanan bir sıra təqdimatlara tamaşa ediblər.
Seminar zamanı nümayəndələrə idman tədbirlərinin keçiriləcəyi məkanlar, idman proqramları, açılış və bağlanış mərasimləri və digər təşkilati yeniliklərlə bağlı geniş məlumatlar verilib.
ISSF-in 1-ci Vitse-prezidenti və Koordinasiya Şurasının sədri polkovnik Hamad Kalkaba Malboum bildirib ki, Azərbaycan idman dünyasında böyük irsə malik bir ölkədir: "Biz əminik ki, IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi olaraq Azərbaycan idmançılar və tamaşaçılar üçün dünya səviyyəli bir tədbir təşkil edəcək. Bakıya yenidən qayıtmağımızdan və hazırlıq işlərindəki mühüm və böyük irəliləyiş haqqında eşitməyimizdən məmnun olduq. Təşkilat komitəsinin oyunlara hazırlıq prosesindəki yüksək əhval ruhiyyəsi bizi çox sevindirir və Oyunlara bir il qalması etapının qeyd edilməsini səbirsizliklə gözləyirik".
Azərbaycan gənclər və idman naziri, AISGOC-nin baş icraçı direktoru Azad Rəhmiov bildirib: "Bakıda Koordinasiya Komissiyasını qəbul etmək bizə sonuncu görüşdən keçən dövr ərzində gördüyümüz işlərin yekununa bir daha nəzər salmağa və qarşıda duran planların icrasını bir daha müzakirə etməyə imkan yaradır. 12 gün keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 5000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq. Azərbaycanın böyük idman yarışlarını çox böyük uğurla həyata keçirdiyini nəzərə alsaq, ölkəmizə təşrif buyuracaq nümayəndələrin də Azərbaycandan xoş təəssuratlarla ayrılacağına əminik".
IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi...
Bu gün 12-22 may 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və Oyunların brendinin təqdimat mərasimi də keçirilib (APA). Tədbirdə bildirilib ki, azərbaycanlı dizaynerlərin hazırladığı loqo islam dövlətlərinin tarixi, irsi və mədəniyyətini özündə birləşdirib. Qeyd olunub ki, Yeni Bakı 2017 brendində əsas mövzu müsəlman dövlətlərinin əksəriyyətinə xas zəngin mədəni ənənənin tərkib hissəsi olan xalçaçılığın müasir təsviridir. Brenddə islam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə edilib.
Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib.
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün doğru seçimdir
"İnanıram ki, biz Azərbaycan ilə birgə səylərimiz nəticəsində möhtəşəm bir idman bayramı keçirəcəyik”. Bunu İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum bu gün Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan bu mötəbər tədbirin keçirilməsi üçün doğru seçimdir: "Biz bunu bir çox tədbirlərin, o cümlədən I Avropa Oyunlarının timsalında gördük. Biz bu işin öhdəsindən gəlmək üçün kifayət qədər təcrübəyə malikik".
IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni qurğu tikilməyəcək
Gənclər və idman naziri Azad Rəhimov isə deyib ki, 12-22 may 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni qurğu tikilməyəcək.
A.Rəhimov bildirib ki, Oyunlar üçün 16 idman qurğusu və məkanları istifadə olunacaq.
Nazirin sözlərinə görə, bəzi idman qurğuları və məkanları var ki, onlar I Avropa Oyunları üçün istifadə olunmayıb, lakin IV İslam Həmrəyliyi Oyunları üçün istifadə olunacaq.
Bu məkanlar "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Tennis Akademiyası, Şüvəlanda yerləşən ağır atletika mərkəzi, Dalğa və Bakcell Arena stadionlarıdır.
IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı İslam dünyasında daha yaxşı tanıtmağa imkan verəcək
A.Rəhimov qeyd edib ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Azərbaycana gözəl bir fürsət yaradacaq ki, Azərbaycanı İslam dünyasında daha yaxşı tanıdaq. A.Rəhimov bildirib ki, bu Oyunlar idman yarışması olmaqla yanaşı, bir mədəniyyət festivalına da çevriləcək: "Belə təkliflər var ki, Oyunlar zamanı müxtəlif stendlər açılsın, hər bir iştirakçı dövlət öz mədəniyyətini, musiqisini həmin stenddə təklif etsin".
Nazirin sözlərinə görə, hətta belə bir təklif var ki, Dənizkənarı Milli Parkda səhnə yaradılsın və hər gün iştirakçı ölkələrdən biri orada konsert proqramı ilə çıxış etsin.
A.Rəhimov bildirib ki, Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarına ciddi şəkildə hazırlaşırlar: "Çalışacağıq ki, I Avropa Oyunlarından daha yaxşı nəticələr əldə edək".
O, əlavə edib ki, Oyunlar üçün biletlərin satışına yarışlara 4 ay qalmış başlanılacaq. A.Rəhimov nə qədər biletin satışa çıxarılacağının hələ dəqiqləşmədiyini diqqətə çatdırıb.
Aprel döyüşlərindəki şəhidlərimizə görə Bakıda konsert proqramı ləğv edildi
Nazir bildirib ki, aprelin əvvəlində cəbhədəki döyüşlərdə şəhid verməyimizlə əlaqədar olaraq, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalması ilə bağlı bu gün təşkil ediləcək geriyə sayım şousuna konsert proqramı daxil edilməyib. A.Rəhimov bildirib: "Aprelin əvvəlində cəbhə xəttində bizim ailələrimiz şəhidlər verib. Şou deyiləndə biz konsert proqramını nəzərdə tutmamışıq".