Türkiyənin İstanbul şəhərində Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turniri keçirilib. Trend Azərbaycan Taekvando Federasiyasına istinadən məlumat verir ki, 16-17 yanvar 2016-cı il tarixlərində baş tutan yarışın ikinci günü də komandamız üçün uğurlu alınıb.
Belə ki, yığma komandamızın üzvü Milad Beigi Hərçəqanı latviyalı Yanus Kauneni (16:0), erməni idmançı Arman Yeremyanı (11:1) və yarımfinalda türkiyəli Yunus Sarını (10:1) böyük hesablarla məğlub edərək finala yüksəlib. İdmançımız finalda polşalı rəqibi Pyotr Pazinskiyə 14:2 hesabı ilə qalib gələrək turnirin qızıl medalını əldə edib.
Qadın təmsilçilərimizdən isə Patimat Abakarova Dünya Taekvando Federasiyasını təmsil edən Dino Poriunes-Lanqerudidən (4:1), yunanıstanlı idmançı İoanna Kotsudan (5:1), yarımfinalda isə ukraynalı İrina Romaldanovadan (3:1) üstün olaraq finala adlayıb. P.Abakarova finalda serbiyalı idmançı Tiyana Boqdanoviçi (6:5) mübarizədən kənarlaşdıraraq yarışın qalibi olub.