"Xocalı soyqırımına görə başlanılmış cinayət işi əvvəllər dağınıq halda istintaq olunub, bəzi maddi sübutlar yoxa çıxıb". APA-nın xəbərinə görə, bunu Azərbaycanın hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
O bildirib ki, əvvəllər istintaq düzgün istiqamətində aparılmayıb: "2005-ci ildən bu iş bizim icraatımızdadır. Bu məqsədlə xüsusi istintaq şöbəsi yaradılıb. İstintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb”.
Hərbi prokurorun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğalı nəticəsində Azərbaycana dəymiş maddi ziyanla bağlı beynəlxalq ekspertlərin iştirakı ilə böyük qiymətləndirmə işləri aparılır: “Erməni işğalı nəticəsində Azərbaycana dəymiş ziyan artıq milyard yox, trilyon dollarla ölçülür”.
X. Vəliyev qeyd edib ki, ermənilər Qazaxın Bağanıs-Ayrım kəndində iki dəfə soyqırımı törədiblər: “Mən Qazaxda işləmişəm. Qazax camaatı ermənilərin qarşısında çox dəyanətlə dayanıb. Ermənilərin bizə qarşı törətdikləri qırğınlar 1988-ci ilin sonlarından deyil, XX əsrin əvvəllərindən başlayıb. XX əsrin əvvəlində xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinin miqyası daha böyük olub. Çox təəssüf ki, bizim yaddaşımız çox zəifdir. Millət artıq bu gün torpaq vermək fikrində deyil. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Gəncə şəhər prokurorluğunda işləyəndə ermənilər haqda bütün cinayət işlərini ancaq mən aparırdım”.
Hərbi prokuror Dağlıq Qarabağda “referendum” keçirilməsinə də münasibət bildirib. “Ermənilərin Dağlıq Qarabağda “referendum” keçirməsi qanunsuzdur” deyən hərbi prokuror qeyd edib ki, BMT başda olmaqla, digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb: “Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını heç kim inkar edə bilməz. Dağlıq Qarabağı nəinki dünya dövlətləri, heç Ermənistanın özü belə tanımayıb. Dağlıq Qarabağda Azərbaycan qanunvericiliyinə zidd olaraq, seçki, referendum keçirilməsi qanunsuzdur”.
Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov isə deyib erməni işğalı nəticəsində Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan dəyib. O bildirib ki, 39 nəfərin Xocalın soyqırımında iştirakı tam sübuta yetirilib: “39 nəfərdən 18-i o vaxt Xankəndində yerləşən 366-cı motoatıcı alayın zabit və gizirləridir”.
Ü. Əhmədov qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb.