Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək. Trend-in məlumatına görə, bunu Türkiyənun xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı deyib.
Nazir bildirib ki, Türkiyə və Azərbaycan Xocalı faciəsinin təbliğatını birgə aparmaqda davam edəcək.
M.Çavuşoğlu Türkiyənin Xocalı hadisələrini heç vaxt unutmayacağını deyib: "Xocalı reallıqdır. Bu, 25 il əvvəl bütün dünyanın gözü qarşısında baş verib. Ermənistan isə həqiqəti qəbul etmək istəmir”.
Nazir həmçinin qeyd edib ki, uzun illərdir Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı böhtanları ilə mübarizə aparır.
“Türkiyə hər zaman ədalətli mübarizəsində Azərbaycanın yanında olacaq”. Bunu isə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
İ.Kalın Xocalı hadisələrinin 25 illiyi ilə əlaqədar Azərbaycan xalqına baş sağlığını ifadə edib.
O deyib: “Türkiyə bütün tərəfləri Dağlıq Qarabağ probleminin həlli, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və Cənubi Qafqazda vəziyyətin normallaşması prosesi ilə bağlı səyləri artırmağa çağırır”.