"Müşahidələr göstərir ki, əhali bu xidmətdən razıdır"
Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında
Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 milyon manat ayrılıb.
Sərəncamla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb ki, "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin inkişafı ilə əlaqədar tədbirlər görsün, işçilərinin, mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi məqsədilə onlara bir il müddətində aylıq mükafat verilməsini təmin etsin.
O da məlumdur ki, "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, etik davranış, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında yüksək standartlar çərçivəsində qurulur və inkişaf etdirilir.
"ASAN xidmət"də çalışanların həvəsləndirilməsi məqsədilə onlara bir il müddətində aylıq mükafat verilməsini ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələni dəyərləndirən ekspert İlqar Hüseynli buna müsbət prizmadan yanaşdı: "Əvvəla Azərbaycanda tətbiq edilən "ASAN xidmət" modeli özünü doğruldub. Çox uğurlu bir xidmət növüdür. Belə ki, bir sıra ölkələrdə bu yoxdur. Müşahidələr göstərir ki, əhali bu xidmətdən razıdır. Bu xidmət əhəmiyyətli dərəcədə insanların rahatlığına öz müsbət təsirini göstərir. Eyni zamanda, bu xidmət şəffaflığın təmin olunmasında mühüm rola malikdir. Bu baxımdan orada çalışan və vətəndaşlara xidmət göstərən işçilərə aylıq mükafatın verilməsi müsbət addımdır. Sözügedən addım işçiləri daha da həvəsləndirəcək və vətəndaşlara keyfiyyətli xidmət göstərmək baxımından onlara stimul verəcək. Hesab edirəm ki, belə bir addımın atılması məqsədəuyğun və müsbət haldır".
Vidadi ORDAHALLI