“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının XIX sayı işıq üzü görüb.
Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının bu sayına da respublikamızın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika, həmçinin incəsənət, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, elmi məqalələr, maraqlı tərcümə materialları daxildir. Jurnalda Bakıda keçirilən Dağıstan mədəniyyəti günləri haqqında reportaj təqdim olunur, Azərbaycan və Dağıstan alimlərinin “Dərbənd xalçaçılığı” elmi layihəsinin nəticələrinin müzakirəsinə həsr edilmiş görüşü haqqında məlumat verilir. Eyni zamanda jurnalda Bakıda keçirilən “I Beynəlxalq Türk Dünyasının ortaq dili-naxışlar” adlı simpoziumu, burada dinlənilən məruzələr, simpozium çərçivəsində keçirilən tədbirlər haqqında materiallar yer alıb. Oxucular jurnalın bu sayında tarix üzrə fəlsəfə doktoru, professor V.Muradovun “Türk dünyası xalçaçılığında “Əjdaha” motivi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru X.Əsədovanın “Rusiya Etnoqrafiya Muzeyində və Dövlət Ermitajında qorunan Azərbaycan xalçaları”, professor A.Soysaldının (Türkiyə) “Üsküp ve çevresinde tespit edilən kilim ve diğer yayğı örnekleri”, sənətşünaslıq doktoru Elmira Gülün (Özbəkistan) “Özbəkistanda xovsuz xalça: növlərin çoxçeşidliliyi” kimi xalçaçılıq məsələlərini əhatə edən materiallarla tanış ola biləcək. Nəşrdə, həmçinin, akademik Kamal Abdullayevin “Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi”, t.ü.f.d. Vidadi Muradovun “Naxçıvan diyarında tikinti sənətinin inkişafı tarixindən”, t.ü.f.d. İradə Məmmədovanın “Aleksey Saltıkovun “İrana səyahət” əsərində Azərbaycan türklərinin həyat tərzinin təsviri”, t.ü.f.d. Həbibə Əliyevanın “Azərbaycanın orta əsr silahları üzərində kitabələr”, TÜRKSOY-un qərarı ilə 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şəki şəhərinin yaranma tarixinə, memarlığına, maddi-mədəniyətinə həsr edilmiş məqalələr də təqdim olunub.
Qeyd edək ki, jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
Baki-xeber.com