Özbəkiistana 27 ildir rəhbərlik edən İslam Kərimovun ölüm xəbəri iayılar-yayılmaz gözlər onun bir neçə il əvvəl barəsində qalmaqallı xəbərlələ gündəmi qarışdıran qızı Gülnarə Kərimovanın üzərinə yönəldi.
Lakin məhz bu qalmaqallara görə də onun varislik məsələsi ətrafında çoxlu suallar dönməyə başladı. Bildirildi ki, İslam Kərimov ölməzdən xeyli əvvəl yaxınlarından, özü ölərsə, kiçik qızı Lola Kərimovanın namizədliyinin dəstəklənməsini istəyib. Ölümündən dərhal sonra isə bəlli olub ki, onun birinci evliliyindən bir oğlu da varmış. Rüstəm adlı oğlunu o heç vaxt yaxınında tutmayıb. İkinci evliliyi isə Tatyana adlı rus qızı ilə olub və ondan iki qızı – Gülnarə və Lola dünyaya gəlib.
Böyük qızı Gülnarə 44 yaşındadır. İllər öncə varislik üçün onun hazırlanması qərara alınmışdı. Bu yolda onun tək rəqibi iə Lola idi. Lakin Özbəkistanın ən zəngin qadını olan Gülnarə üçün iki bacı arasında hələ ataları sağkən başlanmış rəqabət asan olmadı. Lolanın həyatı qalmaqallarla dolu bacısından ən böyük üstünlüyü onun normal bir ailəyə sahib olması isi. 38 yaşlı Lolanın Timit Tillayevlə evlilikdən 3 qızı var və o, ölkədə yardımsevərliyi ilə tanınır. Yetimxanalara daimi yardımı ilə xeyli reytinq qazanmış Lola ötən illərdə bacısı ilə 15 il küsülü qaldıqlarını açıqlamışdı ki, bu da onlar arasında taxt savaşının çox uzaq illlərə dayandığından xəbər verir. Bununla yanaşı Lola həm də Özbəkistanda UNESCO-nun səfiri olaraq fəaliyyət göstərir. Ölkəsindən daha çox Cenevrədə yaşayan Lola 2013-cü ildə burada özünə 46 milyon dollara lüks villa alması ilə qəzetlərə manşet olmuşdu.
Gülnarə Kərimova üçün isə bu rəqabətdə ən ciddi dönüş nöqtəsi 2013-cü ildə Özbəkistan Xüsusi xidmətinin başçısı Rüstəm İnayətovun gizli bir dosyeni atasına təqdim etməsi oldu. Həmin dosyedə 44 yaşlı Gülnarənin çılpaq şəkillərini və iri məbləğlərdə rüşvətlər aldığına dair sənədləri görən İslam Kərimovun əsəbindən külqabını yerə çırpması ortalığı ayağa qaldırmışdı. Həmin anda qızını döyən İslam Kərimovun ona cəhənnəm əzabı yaşatdığına dair xəbərlər bir müddət dillərdən düşmədi. Lakin təhqir olunmuş atanın hirsi bununla da soyumadı və qızını ev dustağı etdi. Bundan sonra Harvard məzunu olan Gülnarənin uşaqları da onunla həbs həyatı yaşayacaqdı. Düşdüyü durumdan dəhşətə gələn Gülnarənin “Qızımla birlikdə köpəkdən betər durumdayıq” sözləri dünya mediasında yayıldı. Bunlarla da ürəyi soyumayan ata isə hətta onun dostlarını da həbsə atdırdı. Bundan sonra öncə ABŞ Gülnarənin mal varlıqlarına əl qoydu, 2016-da isə Hollandiya 135 milyon dollarını əlindən aldı.
Gülnarənin bu maliyyəyə sahib olmasının da maraqlı tarixçəsi var. 19 yaşında ikən o, Amerikada yaşayan zəngin özbək ailəsindən Mansur Maqsudi ilə evlənir, ondan İslam və İman adlı oğlu və qızı olur. Maqsudinin Coca-Cola-nın Özbəkistanda qablaşdırma haqlarını alması ilə Daşkəndlə Nyu-Cersi arasında yaşayan gənc ailənin maliyyə durumu birdən-birə yüksəlir. Lakin çox keçmədən bir-birinin üzünü onsuz da az görən cütlük arasında problemlər başlayır və əri Gülnarədən boşanmağı tələb edir. Həmin gün Gülnarə uşaqlarını da götürərək gizlicə Amerikadan çıxarır və Daşkəndə dönür. Bundan sonra Özbəkistan Gülnarəyə diplomatik pasport verərək onu toxunulmazlıq altına alır. Bu arada Gülnarə zatən xaricə çıxışda ciddi əngəllərlə qarşılaşan özbək xalqının BƏƏ-yə gediş-gəliş vizaları haqqını üzərinə almışdı və qurduğu iri turizm şirkətlərilə böyük məbləğdə pullar qazanırdı. Az qala bütün sahələrdə biznesini quran Gülnarə 15 il ərzində Özbəkistanın ən zəngin qadınına çevrilə bildi. Lakin adının yanına müğənnilikdən xeyriyyəçiliyə qədər bütün titulları yazdırsa da, sonda hər şeyi bir anda itirdi...
Çılpaq şəkillərilə özünü sosial şəbəkədə “ekzotik özbək gözəli” kimi tanıdan Gülnarənin adı Wikileaks sənədlərindən sonra ABŞ diplomatları tərəfindən “ölkənin ən nifrət edilən insanı” olaraq çəkilir.
Gülnarənin yeganə rəqibi Lolanın isə mövqeyi ondan köklü surətdə fərqlənir. Proseslər isə onu göstərir ki, patriarxın ölümündən sonra onun adı mediada hələ çox fiqurantlıq edəcək, çünki, bacısından fərqli olaraq, onun varisliyinə ortaq ola biləcək kimsə yoxdur...
Samirə SƏFƏROVA