Bu gün Azərbaycanda Milli Məclisə seçkilər keçirilir. "Trend”-in məlumatına görə, Rusiyanın TASS agentliyi bu gün Azərbaycanda keçirilən parlament seçkiləri haqqında yazıb. Secki-2015.az saytının məlumatına görə, yazıda bildirilir ki, saat 8:00-dan başlayaraq 125 dairədə 5547 seçki məntəqəsi seçicilər üçün açılıb: "Səsvermə 19:00-da başa çatacaq. Ölkədə 5 milyon 200 min seçici var. Onlardan 63,5 mindən çoxu ilk dəfə səs verəcək. 1,2 milyon gənc seçici var. Ən yaşlı seçici Ağdaş rayon sakini 125 yaşlı Gözəl Dadaşovadır”.
TASS yazır ki, səsvermə prosesini 60 mindən çox yerli, 503 beynəlxalq müşahidəçi izləyəcək: "Təkrar səsvermənin qarşısının alınması və bir seçicinin yalnız bir bülletendən istifadə etməsi üçün ultrabənövşəyi mürəkkəbdən istifadə olunur. Seçki prosesinin internetdən izlənməsi üçün 1000-ə qədər seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkilərdə iki yerli və iki xarici təşkilat "exit-poll” aparır”.
Azərbaycanda bu gün Milli Məclisə keçirilən seçkilər dünya mətbuatında işıqlandırılmaqda davam edir. Trend-in Secki-2015.az saytına istinadən verdiyi məlumata görə, ria.ru saytında yayılan informasiyada qeyd olunur ki, səsvermə səhər saat 8:00-dan başlayıb və axşam saat 19:00-a qədər davam edəcək. Parlamentin fəaliyyəti barədə də məlumat yerləşdirən Rusiya saytı yazır ki, Azərbaycanın ali qanunverici orqanı 125 deputatdan ibarətdir və seçkilər majoritar sistemlə keçirilir.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən sayt bildirilir ki, 125 yer uğrunda 767 namizəd rəqabət aparır və orta hesabla hər mandata 6 nəfər iddialıdır. Namizədlərin əksəriyyətinin siyasi partiyalar tərəfindən irəli sürüldüyü qeyd olunur. Seçkilərdə 15 partiya, eləcə də 7 müxalifət partiyasının daxil olduğu "Azadlıq-2015” seçki bloku iştirak edir.