Biz Azərbaycanın uğurlarına sevinirik. Hər bir ölkə üçün ən vacib məsələ onun inkişafıdır ki, Azərbaycan bu istiqamətdə böyük uğurlar əldə edir. Baki-xeber.com-un xəbərinə görə, bu fikirləri Secki-2015.az saytına açıqlamasında Milli Məclisə seçkiləri izləmək üçün ölkəmizə səfərə gələn Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Baş katibi Çunq Eu Yonq deyib.
O bildirib ki, Azərbaycanda əldə edilən uğurlar demokratiyanın göstəricisidir. "Azərbaycanda çoxpartiyalı sistem mövcuddur, amma buna baxmayaraq partiyalar arasında mübarizə sivil qaydada aparılır. Parlament seçkilərinə qatılan partiyaların iştirakı bunu təsdiqləyir",- deyə İCAPP-ın Baş katibi söyləyib. Çunq Eu Yonq qeyd edib ki, Azərbaycan müasir dövlətdir: "Hər səfərimdən sonra ölkəniz haqqında təəssüratlarım daha da zənginləşir. Ölkəniz sürətlə inkişaf edir. Avropa və Asiya dəyərlərini özündə birləşdirən Azərbaycan güclü iqtisadiyyata malikdir. Qısa zaman kəsiyində gənc dövlətin böyük uğurlara imza atması təqdir olunmalıdır. Hesab edirəm ki, noyabrın 1-də keçiriləcək parlament seçkiləri bu uğurların davamı olacaq. Çünki Azərbaycan demokratik seçki sisteminə malikdir".