Xəbər verildiyi kimi, bu gün Misirin Sinay yarımadası yaxınlığında Rusiya təyyarəsi qəzaya uğrayıb. "Airbus 321” sərnişin təyyarəsinin göyərtəsində 217 sərnişin, 7 ekipaj üzvünün olduğu bildirilir. Onlardan heç biri qəzadan salamat qurtula bilməyib.
Təyyarənin qəzaya uğramasının ilkin səbəbi olaraq texniki nasazlıq ehtimal edilsə də, daha sonra İŞİD terrorçu təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Bu barədə xəbəri Reuters agentliyi yayıb. Baş verən olayın Rusiyanın Suriyada başladığı anti-İŞİD əməliyyatına qarşılıq olaraq törədildiyi ehtimal edilir. Təsadüfi deyil ki, terrorçu qruplaşmanın açıqlamasının dərhal ardından "Air France", "Lufthanza", "Aeroflot", "Koqalımavia" kimi iri aviakompaniyalar Sinay yarımadası istiqamətində uçuşları dayandırdığını elan edib. Qeyd edək ki, vurulan "Airbus 321" təyyarəsi də "Koqalımavia" şirkətinə aid idi. Hərçənd, Rusiya Nəqliyyat Nazirliyi vurulma versiyasını qətiyyətlə istisna etməyə çalışdı. Lakin fakt faktlığında qalır ki, baş verən faciəli olay sıradan bir qəza olsaydı, bu dünyaca məşhur aviakompaniyalar dərhal hadisənin ardından sözügedən istiqamətdə uçuşları dayandırmazdı...
Xatırladaq ki, təyyarə qəzası ilə əlaqədar olaraq Rusiyada matəm elan olunub.
Baki-xeber.com