MDB-nin Müşahidə Missiyasının üzvləri Azərbaycanın rayonlarında seçkiqabağı prosesi müşahidə ediblər. Rayonlardakı dairə seçki komissiyalarına baş çəkən xarici müşahidəçilər ilk təəssüratlarını Secki-2015.az saytı ilə bölüşüblər.
MDB-nin Müşahidə Missiyasının üzvü Yuri Demyanenko: "Biz digər MDB ölkələrində belə bir faktla rastlaşmamışıq. Rusiyada buna ərazi seçki komissiyaları deyilir, sizdə isə dairə seçki komissiyaları adlanır. Məhz sizin ölkədə dairə seçki komissiyalarının özünün binası var. Bu, müsbət haldır. Çünki komissiya 5 il ərzində fasiləsiz fəaliyyət göstərir və onun binasının olması da ümumi işin xeyrinə olan amildir. İnsanlar hər cür şəraiti olan binada peşəkar fəaliyyətləri ilə məşğul olurlar. Bu da seçki prosesinə müsbət təsir edir. Seçki məntəqələrində veb- kameraların quraşdırıldığını gördük. Seçki günü bu kameralar vasitəsi ilə videolar birbaşa internetdə yayımlanacaq. Yəni istənilən şəxs məntəqəyə getmədən canlı olaraq seçkinin gedişini izləyə biləcək. Yeni texnologiyaların belə formada istifadəsi seçkilərin obyektivliyi və şəffaflığı üçün çox vacib amildir. Bizə dedilər ki, hər keçirilən seçkidə veb- kameralarla təmin olunan məntəqələrin sayı artır. Hesab edirəm ki, bu düzgün yoldur”.
MDB-nin Müşahidə Missiyasının üzvü Anatoliy Tabolkin: "Biz müşahidələrimizi apardıq. Hər şeyin seçkilərə hazır olduğunu gördük. Seçki məntəqələrindəki şəxslər təcrübəlidirlər. Rusiyada bütün seçki məntəqələri də veb- kameralarla təchiz olunub. Bizim də təcrübəmizə görə, seçicilər istənilən seçki məntəqəsində seçkiləri internetdən izləyə bilər. Azərbaycanda da seçki məntəqələrində belə veb- kameraların olması şəffaflığın göstəricisidir. Amma seçkilər barədə ancaq gördüyünüzə istinad edərək fikir yürüdün. Kənardan deyilənlərə fikir verməyin”.