Milli Məclisə noyabrın 1-də keçiriləcək seçkilərdə 125 yer uğrunda 767 nəfər mübarizə aparacaq. Həmin namizədlər bitərəflərdən, 16 siyasi partiya və bir seçki blokunun təmsilçilərindən ibarətdir. Seçki Məcəlləsinə əsasən, namizədlərin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır və bu proses səsverməyə 24 saat qalmış dayandırılır. V çağırış Milli Məclisə seçkilərlə əlaqədar seçkiöncəsi təşviqat oktyabrın 9-da başlanıb. Qaydalara görə, bu proses 31 oktyabr saat 08:00-da dayandırılmalıdır.
Seçkinin bu mühüm mərhələsində namizədlər medianın gücündən də istifadə edə, öz təbliğatlarını qura bilərlər. Bunun üçün Mərkəzi Seçki Komissiyasına seçkiqabağı təşviqat prosesi ilə bağlı müraciət edən 23 agentlik, 19 qəzet, 3 televiziya və radionun imkanlarından da geniş istifadə etmək mümkündür. Bütün bunları nəzərə alaraq, Seçki-2015.az saytı media nümayəndələri arasında sorğu keçirib. Onlardan seçki prosesinin təbliğat-təşviqat mərhələsində medianın oynadığı rol, həmçinin deputatlığa namizədlərin medianın gücündən lazımınca yararlana bilməsi ilə bağlı fikirlərini öyrənib.
"Kaspi” qəzetinin baş redaktoru, əməkdar jurnalist İlham Quliyev: "Media seçki prosesinin əsas tərkib hissələrindən biridir. Seçki ilə bağlı xəbərlər medianın diqqətindədir. Siyasi proseslə əlaqədar informasiyalar, MSK-nın iclasları, verilən qərarlar, statistik göstəricilər, müşahidə qruplarının hesabatları, rəsmilərin açıqlamaları geniş şəkildə məhz mediada işıqlandırılır. Eyni zamanda namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası da KİV-lərin diqqət mərkəzindədir. Həm, çap mediasında, həm də internet mediasında çoxsaylı təbliğat materiallarına rast gəlirik. Budəfəki seçkidə bir məqam diqqət çəkib. Bu da namizədlərin təbliğat-təşviqat kampaniyası zaman daha çox sosial mediadan istifadə etməsidir. Ümumilikdə götürsək, seçkiqabağı təbliğat-təşviqat kampaniyasında medianın imkanları çox genişdir. Amma bəzi namizədlər medianın gücündən lazımı qədər yaralana bilmədilər”.
"Azadinform” Müstəqil İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev: "Media təmsilçiləri ölkədə keçirilən bütün siyasi proseslərin işıqlandırılmasında maksimum səy göstərirlər. Medianın üzərinə düşən əsas yük maarifləndirməkdir. KİV cəmiyyətdə seçki mədəniyyətinin yüksəldilməsində fəal rol oynayır. Hökumət bu missiyanı uğurla yerinə yetirən KİV-lərə qarşı heç bir məhdudiyyət tətbiq etmir. Müstəqil medianın da seçkiləri işıqlandırması üçün bütün imkanlar yaradılır. Seçki dövründə medianın hüquq və vəzifələri ölkə Konstitusiyası, Seçki Məcəlləsi, KİV-lər, "Reklam haqqında” qanunlarda, MSK-nın qəbul etdiyi təlimatlarda tam dolğunluğu ilə öz əksini tapıb. Seçki Məcəlləsində də bu prosesdə KİV-lərin təmsilçilərinə bir sıra üstünlüklər verilib. KİV-lər MSK-da və aşağı seçki komissiyalarında akkreditə olunmadan proses ərzində bütün mərhələlərdə istənilən məntəqədə seçkiləri müşahidə etmək, onlara lazım olan bütün məlumatları almaq hüququna malikdirlər. Builki parlament seçkiləri ərəfəsində də media seçki prosesinin işıqlandırılmasında kifayət qədər fəalliq nümayiş etdirdi. Təbii ki, namizədlərin təbliğat-təşviqat məsələsi sırf fərdi yanaşma ilə bağlıdır. Namizədlərin özlərini, xüsusən də keçirdikləri görüşlərin mediada işıqlandırılması internet media istisna olmaqla, digər KİV-lərdə elə də güclü müşahidə olunmadı. Təəssüf ki, bizdə bəzi namizədlər media ilə işləməkdə sanki tərəddüd etdilər
Bəzi namizədlər düşünürlər ki, yalnız müxtəlif ölçülü şəkillər çəkdirərək divarlara yapışdırmaqla özləri haqqında seçicidə rəy formalaşdıra biləcəklər. Bu qətiyyən belə deyil. Namizədlər gücü daha çox media ilə özünü tanıtmaya sərf etməlidirlər”.
"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: "Düşünürəm seçki prosesində media düzgün çıxış edib, qaydalar pozulmayıb, prinsiplər gözlənilib. Deputatlığa namizədlər medianın gücündən yetərincə istifadə edə bilməyiblər. Bu seçkilərdə çox az namizəd media siyasətini düzgün qura bildi. Namizədin seçki qərargahı və orada da PR meneceri olmalıdır. Qaydalara əsasən əvvəl namizədin obrazı düşünülür, sonra həmin obraz ardıcıl olaraq mediada cəmiyyətə təqdim olunur. Təəssüf ki, bizdə əksər namizədlər bu cür peşəkar iş qura bilmirlər. Bunun problemi mediada yox, namizədlərin özlərindədir”.