Qərb mətbuatı yenə öz ampluasındadır. Bəlli çevrələr Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məkrli siyasətlərini davam etdirirlər. Buna bəzi qərb KİV-lərində parlament seçkiləri ilə bağlı yer alan dezinformasiya xarakterli məlumatları misal göstərmək olar.
Baki-xeber.com xəbər verir ki, məsələ ilə bağlı Seçki-2015.az saytı yerli media rəhbərlərinin münasibətini öyrənib.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Ölkələrə raketlər üzərindən demokratiyanın daşınmasının mümkünsüz olduğunu anlayan Qərb dairələri digər təzyiq vasitələrindən istifadə etməyə çalışırlar. Mətbuat bu işdə alətə çevrilib. Qərb telekanalları dünyada baş verən hadisələrə birtərəfli mövqedən yanaşır və bütün dünya bunu görür. Bununla belə, artıq cəmiyyət reallıqların fərqindədir və belə təzyiq vasitələrinin nəticə verəcəyi inandırıcı deyil”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Qərb mediası məlum dairələrin ikili standartlar siyasətini həyata keçirməsi üçün siyasi alətə çevrildiyini nümayiş etdirir. Azərbaycandakı söz azadlığı ilə bağlı qanunvericilik bazası ən inkişaf etmiş ölkələrə belə nümunə ola bilər. Bu gün Azərbaycanı yersiz ittiham edən ölkələrin özündə insan haqlarının, söz azadlığının pozulduğunu görürük. Qərb mətbuatında yer alan qərəzli məlumatların heç bir siyasi və ictimai əhəmiyyəti yoxdur”.