Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi və seçki prosesində beynəlxalq təcrübəyə malik olan "Opinion Way" Yenilikçi Araşdırma Şirkətinin "Seçkilər” Media Mərkəzində birgə mətbuat konfransı keçirilib. Baki-xeber.com-un Secki-2015.az saytına istinadən xəbərinə görə, cəmiyyətin seçki prosesinə cəlb edilməsi və noyabrın 1-də keçiriləcək parlament seçkilərində aparılacaq "exit-poll" tədqiqatları barədə məlumat verən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin rəhbəri Elçin Salmanov bildirib ki, noyabrın 1-də hər 2 təşkilat 118 dairə üzrə 210 məntəqədə "exit-poll" tədqiqatı aparacaq. Prosesə 800-ə yaxın əməkdaş cəlb olunacaq.
"Opinion Way" Yenilikçi Araşdırma Şirkətinin əməkdaşı Bruno Jeanbart isə bildirib ki, təmsil etdiyi təşkilat bir çox ölkələr üzrə 15 ildən çox seçki təcrübəsinə malikdir. Azərbaycanda "exit-poll" tədqiqatı aparmaq üçün bütün hazırlıqlar başa çatıb. Hər seçki məntəqəsində 2 müsahibəçi olacaq. "Exit-poll"da təxminən 10 minə yaxın seçicinin iştirak edəcəyini gözləyirik”.
Bruno Jeanbart deyib ki, seçki günü 2 saatdan bir məlumatlar açıqlanacaq. Yekun nəticələr isə seçki başa çatdıqdan 1 saat sonra məlum olacaq.