"Azərbaycan 24 il ərzində vətəndaş müharibəsindən vətəndaş cəmiyyətinə doğru şərəfli inkişaf yolu keçib. Bu yol asan olmayıb. Əksinə minalanmış yol olub. İstər sözün əsl, istərsə də məcazi mənasında Azərbaycanın hər addımında bir mina partlayıb. Bütün bunlara baxmayaraq dövlətimiz yüksək səviyyədə inkişaf edib”. Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Secki-2015.az saytına Milli QHT Forumunun prezidenti Rauf Zeyni ABŞ Senatında Azərbaycan əleyhinə təşkil olunan dinləmələrlə bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycanın inkişafını həzm etməyən qüvvələr bu cür dinləmələr keçirərək ölkəmizin nüfuzuna xələl gətimək istəyir: "Qərəzli qüvvələrin məqsədi insan hüquqları ilə bağlı mövcud olan problemləri aradan qaldırmaqdırsa, o zaman Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün problemlərini həll etməyə çalışsınlar. Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. Ona görə də, xarici dairələr Ermənistanla bağlı müzakirələr aparmalıdır. Nəyə görə onlar regionun ən inkişaf etmiş dövləti ilə bağlı məsələ qaldırırlar? Bu yalnız Azərbaycana qarşı təzyiq cəhdidir. Məlum çevrələrin məqsədi dövlətimizi öz təsir dairəsinə salmaq, yürüdülən müstəqil siyasətə mane olmaqdır”.