"Bu gün Azərbaycan böyük bir siyasi hadisə ərəfəsindədir. Çünki parlament seçkiləri bütün dünyada maraq doğuran siyasi kampaniyalardan biridir”. Bu fikirləri Seçki-2015.az saytına Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət ABŞ-da keçiriləcək dinləmələrə münasibətini bildirərkən deyib.
Onun fikrincə, Azərbaycanda keçiriləcək seçkilər beynəlxalq aləmin diqqətindədir:"Bu baxımdan, biz Azərbaycanla bağlı müəyyən çıxışların, bəyanatların verilməsini görməkdə davam edəcəyik. Azərbaycan normal, sakit seçki kampaniyası keçirəcək və hadisələri doğru qiymətləndirməyi bacaranlar da bunu yaxşı bilirlər. Çünki ilk növbədə ölkəmizdə sabitlik hökm sürür, heç bir fövqəladə hadisə baş verməyib. Amma müəyyən dairələr, xüsusən də Azərbaycana qarşı həmişə bəd niyyəti olan qurumlar bundan çox narahatdırlar”.
"Onlar ölkəmizdə sabitliyin olmamasını, qarşıdurmaların yaranmasını, vətəndaş narazılığının baş qaldırmasını istəyirlər. Lakin Azərbaycan xalqının iradəsi nəticəsində bunların heç biri baş vermir. Parlament seçkilərində Azərbaycanın demək olar ki, bütün siyasi palitrası iştirak edəcək və ciddi narazılıq, narahatçılıq da yoxdur. Qarşı tərəf belə bir məqamı qəbul etmir və hər zaman olduğu kimi bu dəfə də dinləmələr keçirirlər. Onlardan soruşmaq lazımdır ki, müəyyən müddət ortada görünmürdünüz, indi nə baş verdi ki, birdən-birə baş qaldırmağa başladınız?”, - deyə Azər Həsrət qeyd edib.