"Azərbaycanı sevməyən qüvvələr bu ölkəyə qarşı təzyiq və manipulyasiyalara əl atacaqlar”. Baki-xeber.com-un xəbərinə görə, bunu Secki-2015.az saytına açıqlamasında Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin deyib.
Azərbaycanın müstəqillik tarixinin beşinci parlament seçkiləri keçirməsinə diqqət çəkən Manselin seçkiləri "gənc, demokratik ölkə üçün fürsət” adlandırıb. "Hər parlament seçkilərində seçki təcrübəsi daha da təkmilləşir, plüralizm möhkəmlənir. Bu seçkilərdə də eyni hal müşahidə olunacaq. Ümid edirəm ki, müşahidəçilər və şərhçilər ikili standartlardan uzaq olacaqlar”- deyən Manselinin sözlərinə görə, Azərbaycana qarşı qarayaxma cəhdləri edən dairələr unudur ki, onların özlərinin parlamentarizm təcrübələri bəzən kifayət etmir: "Bunu edənlər öz tarixləri boyu Azərbaycanın qarşılaşdığı çətinlik və təzyiqlərlə üz-üzə gəlməyiblər”.
Fransa Milli Assambleyasının üzvü onu da deyib ki, müasir demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da icraedici hakimiyyət ölkənin siyasi xəttinin müəyyən edilməsində ciddi rol oynayır. Buna görə də parlament seçkilərinin müzakirə meydanına çevrilməsi vacibdir. Eyni zamanda ölkənin digər vacib məsələləri var ki onların da öhdəsindən gəlmək o qədər də asan deyil. Bu məsələlərə gərgin beynəlxalq şəraitdə müstəqilliyin qorunub saxlanması, Dağlıq Qarabağ üzərində nəzarətin bərpası və bütün bunların fonunda beynəlxalq əlaqələrin inkişafı daxildir”.
O, sonda bütün seçki iştirakçılarına və Azərbaycan xalqına səmimi qəlbdən uğurlar arzulayıb.