Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyası İctimai Palatasının üzvü, politoloq Sergey Markov Secki-2015.az saytına müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq:
- Bildiyiniz kimi, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkilərlə bağlı proqnozunuz?
- Hər şey çox sadə və aydındır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının qalib gəlmək şansı daha yüksəkdir. Bu partiya əhalinin böyük hissəsinin dəstəyinə malikdir. Gürcüstan və Ermənistanla müqayisə aparsaq, Azərbaycanda həyat səviyyəsinin daha yüksək olduğunu görərik. Həyat səviyyəsi yüksək olduğu üçün hakim partiya xalqın ciddi dəstəyini alır.
- ATƏT DTİBH-nin Azərbaycana müşahidəçi missiyası göndərməkdən imtina etməsi seçkinin nəticələrinə təsir edə bilərmi?
- Bunun seçkinin nəticələrinə heç bir təsiri olmayacaq. Çünki ATƏT DTİBH-nin mövqeyi seçiciləri maraqlandırmır. Onların qərarı azərbaycanlı seçicinin nəzərində seçkinin nəticələrinin legitimliyinə dair şübhə yaratmayacaq. Sözügedən Büronun nüfuzu yoxdur və hər kəs bilir ki, bu təşkilat daha çox seçkiləri saxtalaşdırmaqla məşğuldur.
Mən ATƏT DTİBH ilə çalışmışam və təşkilatı ciddi şəkildə tənqid etmişəm. DTİBH-nin hərəkətlərinə görə ATƏT və AŞPA arasında çox ciddi qalmaqallar baş verib.
Rusiya və digər ölkələrin çoxsaylı deputatları hesab edir ki, ATƏT DTİBH seçkilərin saxtalaşdırılması üçün müxtəlif yollara əl atır. Hesabatlar əvvəlcədən, seçki başlamadan tərtib edilir. Buna görə də, AŞPA dəfələrlə ATƏT DTİBH-ni sərt tənqid edib. Büro öz istəyini Azərbaycana diqtə etmək istəyir. Belə yanaşma qəti olaraq rədd edilməlidir.
- Qərb institutları bütün siyasi proseslər zamanı Azərbaycana təzyiq göstərməyə çalışır. Bunun qarşısını necə almaq olar?
- Azərbaycan Qərb koalisiyasının qarşısında təkbaşına dayana bilməz. Bunun üçün o, digər ölkələrlə, ilk növbədə Rusiya, Qazaxıstan, Belarus və Türkiyə ilə əməkdaşlıq etməlidir. Bu ölkələr bir-birinə qarşılıqlı şəkildə kömək edə bilər. Qərb siyasətçiləri seçkinin nəticələrini tanıyacaq. Beynəlxalq təşkilatlar azərbaycanlı deputatlara qarşı hər hansı sanksiya tətbiq etməyəcək.
- Seçkilər Azərbaycan-Rusiya əlaqələrinə necə təsir edəcək?
- Siyasi baxımdan heç bir dəyişiklik olmayacaq. Fikrimcə, Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələr sakit və artan templə inkişaf edir. Düşünürəm ki, bu tendensiya davamlı olacaq.