Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı prosesi monitorinq edəcək MDB-dən olan müşahidəçilər missiyası bu günədək seçki qanunvericiliyinə dair hər hansısa pozuntu qeydə almayıb. "Ümumilikdə biz hesab edirik ki, kampaniya seçki qanunvericiliyi daxilində çox sakit keçir, missiyamız heç bir qanun pozuntusu aşkar etməyib”. Bu barədə Seçki-2015.az saytına MDB-dən olan müşahidəçilər missiyası qərargahının rəhbəri Yevgeni Sloboda açıqlamasında deyib.
Onun sözlərinə görə, müşahidə missiyasının normal işləməsi üçün lazımi şərait yaradılıb.
"Biz bina ilə təmin edilmişik, qərargahımız Azərbaycandakı mehmanxanaların birində yerləşir. Özümüzlə ofis avadanlığı da gətirmişik. Xahişimizə əsasən, MSK-nın sənədlərinə giriş imkanımız tam təmin edilib. Dairə və məntəqə komissiyalarını gəzməyimiz üçün heç bir əngəl yaradılmır. Qısası, sərbəst müşahidə üçün hər cür şərait yaradılıb”, – deyə Sloboda bildirib.
MDB-dən olan müşahidəçilər 10-dan artıq rayonda, eləcə də Bakı ilə yanaşı Sumqayıt və Gəncədəki dairə seçki məntəqələrinə baş çəkiblər.
"Müşahidələrimiz zamanı əmin olduq ki, məntəqələr texniki təchizat baxımından seçkiyə tam hazırdır. Siyahıların dəqiqləşdirilməsi üzərində işlər yekunlaşmaq üzrədir. Seçicilərə, seçkinin tarixi və vaxtını göstərən, arxa tərəfində isə seçki qaydası əks olunmuş bildirişlər göndərilib. Digər tərəfdən qeyd etmək istərdim ki, komissiyaların işi kifayət qədər açıq və şəffafdır. Biz seçki prosesini tənzimləyən sənədlərlə də tanış olmuşuq, ona görə də hesab edirik ki, komissiya heyəti də yüksək hazırlıq keçib”.
Slobodanın sözlərinə görə missiya üzvləri MSK-nın iclaslarına da qatılıb və qərarların demokratik, açıq və kollegial şəkildə qəbul edildiyin müşahidə edib.
O həmçinin bildirib ki, MDB müşahidəçiləri XİN, Azərbaycan Prezidenti Administrasiyası və hökumət üzvləri ilə də artıq görüşlər keçirib:"Baş Prokurorluqda da bu cür görüş nəzərdə tutulur. Hazırda missiya Azərbaycandakı seçki qanunvericiliyinin analizini hazırlamaq və təbliğat-təşviqat kampaniyasının gedişini müşahidə etməklə məşğuldur. Seçki prosesi zamanı qeydə alına biləcək pozuntularla bağlı şikayət və ərizələrin baxılmasına məsul olan icra orqanlarına məktublar göndərilib".