"Moscow-Baku” informasiya portalı noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri və seçki öncəsi proseslə bağlı ekspertlərin fikirlərini öyrənib. Baki-xeber.com Secki-2015.az saytında gedən həmin yazını təqdim edir
"ATƏT seçkilərə düzgün qiymət verə bilməyəcək”
Rusiya Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa ətrafının öyrənilməsi mərkəzinin elmi işçisi, tarix elmlər namizədi Stanislav Pritçin Qərbin bəzi dairələrinin seçki öncəsi Azərbaycana qarşı qərəzli münasibət bəslədiyini bildirib: "Çoxillik təcrübəsində ATƏT ilk dəfə noyabrın 1-də keçiriləcək seçkilərə müşahidə missiyasını göndərməkdən imtina etdi. Bu, ATƏT-in seçkilərə obyektiv münasibət bildirmək imkanlarını məhdudlaşdıracaq. Təşkilat rəhbərliyi yalnız kənardan müşahidə edə biləcək və bununla seçkilərə düzgün qiymət verə bilməyəcək”.
S. Pritçin qeyd edib ki, parlament seçkiləri Azərbaycan üçün əhəmiyyətlidir: "Ölkədə son illər kifayət qədər uğurlar əldə edilib. Misal üçün, I Avropa Oyunları kimi irimiqyaslı idman tədbiri keçirildi. Ölkədə infrastruktur qurulur, şəhərlər yenilənir. Yəni bütövlükdə inkişaf gedir və sabitlik hökm sürür. Bu baxımdan hesab edirəm ki, hakim Yeni Azərbaycan Partiyası seçkidə qalib gələcək”.
"Müxalifətin iddiaları olsa da, onların ciddi nəticə əldə etməsi mümkün deyil”
"Sputnik Azərbaycan” agentliyinin direktoru Gülnar Məmmədzadə də qeyd edib ki, seçkilərdə ən şanslı partiya Yeni Azərbaycan Partiyasıdır: "Hakimiyyətin praqmatik siyasəti cəmiyyətin böyük əksəriyəti tərəfindən dəstəklənir. Cəmiyyət dünya iqtisadiyyatı və beynəlxalq münasibətlərdə yaşanan böhran fonunda sabitliyin pozulmasına səbəb olacaq təhlükəli sınaqları dəstəkləmir. Müxalifətin iddiaları olsa da, onların ciddi nəticə əldə edəcəyi mümkün deyil”.
Ekspert qeyd edib ki, son 10 ildə hakimiyyətin mövqeyi xeyli güclənib: "Bunun fonunda müxalifətin şanslarının ciddi qiymətləndirmək mümkün deyil. Bu seçkilərin nəticələri də əvvəlki seçkilərlə müqayisədə o qədər fərqlənməyəcək. Yeni Azərbaycan Partiyası ümumi qələbəni əldə edəcək. Sadəcə olaraq, budəfəki seçkilərdə parlamentdə partiya müxtəlifliyinin artacağı gözlənilir”.