Son günlər Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylar və ölkə başçısının bu məsələdə prinsipial mövqeyi digər sferalarda da hərəkətlənmələrə səbəb olub. Bu özünü vergi sahəsində də aydın göstərib. Belə ki, Vergilər Nazirliyinin dünən keçirilən kollegiya iclasında nazir F.Məmmədov illik dövriyyəsi 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib. Bu qərar 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. Qeyd edilməlidir ki, cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olmuşdu.
F.Məmmədov ölkə Prezidentinin 30 min iş yerinin bağlanması ilə bağlı iradlarına da toxunaraq bildirib ki, iş yerlərinin bağlanması səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və bu halların qarşısının alınması üçün onlar üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməli, işçilərin müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, vergidən yayınmaq məqsədilə iş yerlərinin sayının süni surətdə azaldılması halları aşkar edildikdə buna qarşı sərt tədbirlər görülməlidir.
Nazir onu da deyib ki, vergi orqanları üçün gələn ilin büdcə sənədlərində müəyyənləşdirilmiş proqnozların icrası ən vacib hədəfdir və ölkə iqtisadiyyatının mövcud vəziyyəti, onun stabil və dayanıqlı olması büdcənin cari xərclərinin tamamilə ödənilməsində Vergilər Nazirliyinin payının artırılmasına nail olmağa imkan verir. Bu məqsədlə vergi orqanları öz səylərini daha da artırmalı, gücləndirilmiş iş rejimində çalışmalıdır.
Sonda Fazil Məmmədov korrupsiya və vəzifəsindən sui-istifadə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görüləcəyini bildirib, korrupsiyaya cəhd edənlərin dərhal işdən azad edilmələri barədə tapşırıq verib.
Baki-xeber.com