Çox mötəbər mənbələrdən ardıcıl olaraq MTN-də vurulmaların anonsu verilir. Artıq digər nüfuzlu dövlət orqanlarında da sabiq MTN-şilərlə bağlı şəxslərin çıxdaş edildiyinə dair faktlar var. Məsələn, elə bu gün Vergilər Nazirliyində çox mühüm bir idarə rəisinin – Vidadi Məmmədovun vurulduğu barədə xəbər yayıldı. İnandırıcı şərhlərdən biri budur ki, sabiq dəstə ös əməliyyatlarını daha rentabelli həyata keçirmək üçün mümkün qədər bütün nüfuzlu dövlət orqanlarında öz adamlarını yerləşdirməyə çalışıb. Bu məntiqlə, hələ bir çox baçqa dövlət orqanlarında Eldar Mahmudovun məqsədli şəkildə yerləşdirdiyi kadrların ortaya çıxacağı çox inandırıcıdır. Bu kontekstdə, tək Daxili İşlər Nazirliyindən başqa, digər dövlət qurumlarında banda təəssübkeşlərinin olacağı çox ehtimal edilir. Bu məsələdə DİN-in istisnalıq təşkil etməsinin səbəbləri başqa bir mövzudur.
Sabiq MTN bandasının mümkün qədər başqa qurumlara rişə atmaq cəhdlərinin əlamətləri ortadadır. Bu məntiqlə, qətiyyən istisna etmək olmaz ki, sözügedən banda hətta Milli Məclisdə də özünə dayaqlar yaratmaq planlarına malik olub. Seçki kampaniyasının azı 5 ay əvvəl başladığını nəzərə alsaq, yəqin ki, o zaman bu dəstə tam sürətlə irəli getmək barədə düşünüb. Necə ki, Eldar Mahmudov ikinci arvadının dayısı nəvəsini MTN sistemində irəli çəkirdi, necı ki, Kadrlar idarəsinin rəisi Əlimusa Əliyev xanım qohumunu dartıb MTN-ə gətirirdi, eynillə də hansısa simsarları Milli Məclisin tərkibinə salmaq onların ən real planlarından biri kimi nəzərdən keçirilə bilər. Deməli, irəli sürülmüş, hətta yaxın ətrafını mandat məsələsində yüz faiz arxayınlaşdıran, lap elə hakim partiyanın namizədləri siyahısında belə, du cür "desant”ların olduğu istisna edilə bilməz. Həm də dünənə qədər Eldar Mahmudovun qüdrətli nazirlərdən biri olduğunu qəbul etsək, keçərli namizədlər sırasına bir neçə nəfəri salmaq onun üçün nə çətin məsələ idi ki? Konkret say demək çətin olsa da, keçərli "plov üstə bud” sayılan namizədlər var və bunu, heç şübhəsiz, siyasi hakimiyyətdə olan çox tədbirli və ağıllı insanlar gözəl bilir.
MTN şefinin adamı kimi adı çıxmış namizədlərin həm iqtidar, həm də müxalif komandada olduğu isə hər kəsə bəllidir. Əlbəttə, əlimizdə konkret namizəd adlarından ibarət kiçik siyahı da var. Ancaq antireklam tərkibli hüquq pozuntusuna yol verməmək üçün adları bir kənara qoyub nəticəni gözləməyə üstünlük verdik.
Bütün bu deyilənlərdən sonra ehtimal etmək olar ki, müəyyən sayda deputatlığa namizədin yeni Milli Məclisə düşmək şansları artıq sıfıra düşüb və yəqin ki, noyabrın 1-nə qədərki bu bir neçə gündə çiçəyi solan namizədlərin boyunlarının büküldüyünü cəmiyyətdə hər kəs hiss edəcək. Noyabrın 1-i isə hər şeyi, hər gözlənilməz seçimi qətiləşdirəcək. Finişə çatmamış sabiq MTN şefi ilə birgə günəşi batan kimlər olacaq... Kimlərsə 1 noyabrın intizarını hər kəsdən on qat artıq yaşayır...
Tahir Tağıyev