Prezidentin sərəncamı ilə Eldar Mahmudovun işdən azad edilməsi və ardınca köhnə MTN tərkibinin sözün həqiqi mənasında alt-üst edilməsi cəmiyyəti şoka salan digər xəbərlərin də yayılmasına rəvac verdi. Təmizlənmələr bandanın MTN sərhədlərini aşaraq başqa qurumlara da kök atdığını sübut edən faktları üzə çıxardı. Hazırda proses davam edir və bandanın izi ilə təmizlənmələrin daha hansı orqanlara gedib çıxacağını və ya çıxmayacağını bir Allah, bir də işin içindəkilər bilir. Artıq bandanın qurbanı olmuş şəxslər bir-bir danışmağa başlayıb. Nələr eşitmirik, ilahi?.. MTN-ə işə götürməyin bir qiyməti, vəzifə dəyişməyin bir qiyməti, Bakıda qalmağın bir qiyməti, rayondan Bakıya "perevod” almağın bir qiyməti və sair və ilaxır... Qandallanaraq zirzəmilərdə girov saxlanan iş adamlarının açıqladığı qandonduran faktlar isə öz yerində... Bir iş adamının toxunduğu mətləb həm dəhşətli, həm də düşündürücüdür. Adamın üzərinə çökən banda üzvləri ona şərt oxuyublar ki, ya dediyimiz məbləği verməlisən, ya da adın İŞİD-çilərin sırasında çıxacaq. Dəhşətə baxın! Nəzərə alaq ki, ifşa olunmuş bu banda və onun hələ kölgədə qala bilmiş üzvləri bu məqama qədər Azərbaycanda İŞİD və başqa terror qruplaşmaları ilə bu və ya digər əlaqələrdə olmuş, yaxud belə əlaqələr qurmağa çalışmış Azərbaycan vətəndaşlarını həbs etmişdilər və bu barədə rəsmi məlumat yayılmışdı. Kim bilir, bəlkə banda bu məsələdə saxtakarlığa yol verib? Bəlkə kimlərisə İŞİD üzvü kimi qələmə verməklə və hətta bu adla məsuliyyətə cəlb etməklə şantaj etməyə hazırlaşdıqları hansısa iş adamını necə böyük miqyaslı cinayətə bulaşdıra biləcəklərini göstərməyə çalışıblar? Başqa sözlə desək, hansısa iş adamını İŞİD-lə şantaj etmək üçün gərək əvvəlcə İŞİD-in həqiqətən Azərbaycanda izlərinin olduğu barədə görüntü yaradasan. Belə izlərin görüntüsü yoxdursa, hansı iş adamını qorxutmaq olar ki, sənin adın İŞİD təəssübkeşi kimi çıxarıla bilər? Təbii, bunlar sadəcə ehtimallardır. Ancaq sözügedən əməliyyatın ifşa olunmuş sabiq MTN bandasının düzüb-qoşduğu taktika olduğu ortaya çıxarsa, bilirsinizmi bu, Azərbaycan dövləti üçün nə qədər böyük bir təhlükə yaratmaq cəhdinin bariz nümunəsi olacaq? Özü də nəyin xatirinə - pul qazanmaq və varlanmağın! Bu məqsədlə İŞİD və ya bu kimi sağı-solu bəlli olmayan digər terror təşkilatlarını Azərbaycana qarşı qıcıqlandırmağın nə demək olduğunu başa düşürsünüzmü?
Yəqin ki, istintaq onların törətdiyi bütün qanunsuzluqları araşdırmaqla yanaşı, İŞİD məsələsinin də taktiki gediş olub-olmadığına aydınlıq gətirəcək. Hər halda, bunun kiçik fakt olmadığı ortadadır.
Tahir Tağıyev