Milli Təhlükəsizlik Nazirliyinin (MTN) doqquz yüksək vəzifəli əməkdaşının işdən azad olunması ilə bağlı xəbər vermişdik. "Trend”ə daxil olan məlumata görə, MTN-nin daha bir idarə rəisi, polkovnik Nazim Lətifov vəzifəsindən azad edilərək sərəncama götürülüb. Ardınca agentlik nazirliyin daha bir neçə əməkdaşının vəzifədən azad olunaraq sərəncama götürülməsi ilə bağlı yeni informasiya əldə edib. Məlumatlı mənbələrdən agentliyə verilən xəbərdə bildirilir ki, MTN-in Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, o cümlədən Nazirliyin Astara rayon şöbəsinin rəisi vəzifələrindən azad edilərək sərəncama götürülüb. Son aldığımız xəbərə görə, MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev də işdən azad olunaraq sərəncama göndərilib. Ə.Əliyevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun "sağ əli” olduğu bildirilir. Qeyd edək ki, işdən azad edilərək sərəncama götürülən Aysel Əlizadə MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin yaxın qohumudur.
Bundan başqa, mətbuat Vergilər Nazirliyində yüksək rütbəli məmurun vəzifədən azad olunması barədə xəbər yayıb. Xəbərə görə, Vidadi Məmmədov Vergilər Nazirliyində uzun illərdən bəri MTN şefi olan Eldar Mahmudovun adamı kimi fəaliyyət göstərib. Elə onun bu sistemə yerləşdirilməsi də məhz Eldar Mahmudovun səyi nəticəsində baş tutub. Maraqlıdır ki, Vergilər Nazirliyində ən yüksək və strateji postlardan birinə gətirilən V.Məmmədov general rütbəsinə qədər yüksəlib. Onun bu postda MTN generalı Akif Çovdarov sayağı fəaliyyət göstərdiyi bildirilir.
APA-nın məlumatına görə, Vidadi Məmmədov artıq Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub.
Baki-xeber.com