Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, "Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı "vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında "Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini olmuş Adil Rəcəbov da var.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti də hadisə ilə bağlı rəsmi açıqlama yayıb(Trend). Bildirilir ki, daxil olmuş məlumat əsasında Yasamal Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Rayon İdarəsi və Polis İdarəsinin əməkdaşları oktyabrın 22-də saat 21 radələrində Yavər Fərzəliyevə məxsus "Farklı Lahmacun” çay evində əməliyyat tədbiri keçiriblər. Nəticədə çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla, 42 nəfər saxlanılıb.
Həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.
Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb.