Ottava İraqda və Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatdan çəkildiyini elan edib. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, bu barədə Kanada Liberal partiyasının lideri və baş nazirin səlahiyyətlərini müvəqqəti icra edən Castin Tyudo bəyan edib. Seçkilərdə qalib gələcəyi təqdirdə Kanada hərbi kontingentini Yaxın Şərqdən geri çəkəcəyini vəd edən Tryudo elə seçkini qazanmasının ardından Barak Obama zəng edib onu təbrik edərkən qərarını ABŞ prezidentinə açıqlayıb. O həmçinin deyib ki, Amerika prezidentini Kanadanın koalisiyanın etibarlı üzvü olaraq qaldığına əmin edib. Lakin bu zaman dəqiqləşdirməyib ki, bu qərar nə zaman qüvvəyə minəcək və bundan sonra Kanadanın koalisiya tərkibində rolu nədən ibarət olacaq.
Qeyd edək ki, hələ seçki kampaniyası dövründə namizəd Yaxın Şərqdən SF-18 hərbi təyyarələrinin geri çağırılmasını təklif etmişdi. Bununla belə o, ölkənin hərbi ekspertlərinin İraqda qalmaqda davam edəcəyini açıqlayıb. Tryudo eyni zamanda 25 min Suriya qaçqınına ilin sonuna kimi sığınacaq veriləcəyini açıqlayıb. Xatırladaq ki, onun sələfi bu mövzuda daha sərt mövqe tuturdu. Kanadanın eks hökumət başçısı Stiven Harper bəyan etmişdi ki, ölkə İŞİD-ə qarşı hərbi əməliyyatlara 2014-cü ilin oktyabrında qoşulacaq. O zaman Yaxın Şərqə altı F-16 qırıcısı, iki CP-140 Aurora kəşfiyyat təyyarəsi və bir Airbus СС-150 yanacaqdolduran təyyarə göndərilmişdi. Hava əməliyyatına dəstək məqsədilə regiona 600 nəfərlik hərbi heyət də yola salınmışdı. Kanadalılar ilk əməliyyata isə aprel ayında qoşulmuşdular. Daha öncə bildirilirdi ki, Küveytdə mənzillənən Kanada kontingenti 2016-cı ilin martına kimi koalisiyanın tərkibində qalacaq.
Tryudonun başçılıq etdiyi Kanadanın Liberal partiyası oktyabrın 19-da keçirilən parlament seçkilərində qəti qələbə qazanıb və bununla da hökuməti təkbaşına qurmaq şansı əldə edib.