NATO İtaliyanın Sisiliya adasında 36 min hərbçinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Xəbərə görə, "Vahid üçdişli-2015” adı verilmiş təlimlər Trapani-Birqi aviabazasından start götürüb. Türkiyə də daxil olmaqla Alyansın 28 üzv ölkəsinin qatıldığı manevrlərdə 9 partnyor ölkə də iştirak edir. Təlimlərdə 60 gəmi, 140 təyyarə və hava gəmisi iştirak edir. NATO Baş katibinin müavini Aleksandr Verşbou bəyan edib ki, təlimlər NATO-nun istənilən problemin öhdəsindən layiqincə gələ biləcəyini nümayiş etdirəcək.
"Bu təlimlər göstərəcək ki, NATO istənilən tərəfin hücumlarına cavab verməyə qadirdir” – deyə o bildirib. Eyni zamanda qeyd edib ki, "Biz heç kəslə qarşıdurmaya getmək istəmirik. O üzdən də bütün dünya ölkələrindən, o cümlədən Kolumbiya və Rusiyadan müşahidəçilər dəvət etmişik”.
6 noyabra qədər davam edəcək təlimlərin məqsədi NATO qüvvələrinin hazırlıq səviyyəsini müəyyən etməkdir. Maraqlıdır ki, təlimlərlə eyni zamanda 30 oktyabrda "Müharibəyə yox!” çağırışı ilə mitinq planlaşdırılır.