Ermənistanın kritik mineralları hazırda ABŞ-ın diqqət mərkəzində olsa da, çoxlarının artıq unutduğu şist sabah yenidən ön plana çıxa bilər. Panarmenian saytının xəbətinə görə, bunu erməni ekspert Vage Davtyan Zəngəzur dəhlizi barədə danışarkən deyib. Onun sözlərinə görə, Amerikanın Ermənistanın şist ehtiyatlarına marağının uzun bir tarixi var. Hələ 1995-ci ildə "Enerji" hədəf proqramının bir hissəsi olaraq, Ermənistan hökuməti Sovet dövründə kəşf edilmiş neft şistləri, neft, qaz və kömür yataqlarının sənaye potensialını istismar etmək üçün geoloji kəşfiyyat aparmaq qərarına gəlib. Lakin 1990-cı illərin maliyyə və iqtisadi böhranı səbəbindən bu təşəbbüs reallaşmamış qalıb. 2011-ci ildə Ermənistan Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Men adasında qeydiyyatdan keçmiş International Minerals & Mines Ltd şirkəti arasında Ermənistanda şist ehtiyatlarının kəşfiyyatı və işlənməsi üçün mümkün yolları araşdırmaq məqsədi ilə memorandum imzalanıb.
Razılaşmanın potensial şist qazı ehtiyatları da daxil olmaqla enerji ehtiyatlarının birgə qiymətləndirilməsini və texniki tədqiqini nəzərdə tutduğunu deyən ekspert bildirib ki, bu gün ABŞ-ın Ermənistandakı geoiqtisadi fəaliyyəti yeni bir resurs müstəmləkəçiliyinin xüsusiyyətlərini ehtiva edir və TRIPP belə bir strategiyanın dəstəkləyici strukturlarından biridir.
SAMİRƏ