Bakıda həbsdə olan müharibə canisi Ruben Vardanyan "Ermənistanın əsl vətənpərvərlərini" 28 may paradında iştirakdan yayınmağa çağıraraq, bu tədbirə qatılmağı əxlaqsızlıq adlandırıb. Sputnik Armenia-nın xəbərinə görə, bu barədə onun ailəsinə təqdim olunan erməni dilində səsli mesajda deyilir. Səs yazısı Vardanyanın 58-ci doğum günündə dərc edilib. Mesajda o, hazırkı Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin şəkildə tənqid edərək, onu erməni nağıl personajı Cəsur Nəzərlə müqayisə edib.
Vardanyan həbsxana kitabxanasında erməni dilində yalnız iki kitab tapdığını bildirib - biri Vardges Petrosyanın əsəri, digəri isə Paşinyanın "Yerin o biri üzü" kitabı. "Bu, məni çox təəccübləndirdi: sənin bu qədər məşhur yazıçı olduğunu bilmirdim", - deyə o sarkazmla bildirib. Vardanyan kitabı oxuduqdan sonra Paşinyanın "əxlaqi və etik standartlar, təhsil ilə bağlı ciddi problemləri" olduğu qənaətinə gəldiyini bildirərək, onu "yalançı, hiyləgər və plagiat" adlandırıb. O, həmçinin, Ermənistan hərbçilərinin Azərbaycan əsirliyində olduğu müddətdə 28 mayda paradın keçirilməsini əxlaqsızlıq adlandırıb. Vardanyanın sözlərinə görə, ictimai laqeydlik ölkənin əsas təhlükəsi olaraq qalır.
Xatırladaq ki, Ruben Vardanyan müharibə canisi olaraq Azərbaycan məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.
SAMİRƏ